Bu qala-bizim qala

 

Bakının qədim tarixi rəmzi yenidən qapılarını ziyarətçilərin üzünə açıb

 

Milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız qalası konservasiya işləri və yeni muzey ekspozisiyasının yaradılmasından sonra qapılarını ziyarətçilərin üzünə açıb.

 

Dekabrın 30-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qız qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olublar. Yanvarın 2-dən etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları Qız qalasını ziyarət etməyə başlayıblar.

Son illər tarixi abidələrimizin qorunub saxlanması və bərpası məqsədilə dövlət səviyyəsində silsilə kompleks tədbirlər həyata keçirilir. İçərişəhərdə yerləşən abidələrin konservasiyası və bərpası istiqamətində görülən işlər bu tədbirlərin tərkib hissəsidir. Əsrlər bir-birini əvəzlədikcə Qız qalası təbii proseslərin təsiri nəticəsində zədələnərək ciddi təhlükə ilə üz-üzə qalsa da, möhtəşəm abidə tarixin bütün sınaqlarına sinə gərərək ümumilikdə öz ilkin görkəmini və struktur quruluşunu qoruyub saxlaya bilib. Ötən əsrin 60-cı illərində aparılan bərpa işlərindən sonra bu abidə muzey kimi fəaliyyət göstərib.

Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Konservasiya işləri Avstriyanın məşhur bərpaçı eksperti Erix Pummerin rəhbərliyi altında xariciyerli mütəxəssislər tərəfindən həyata keçirilib.

Aparılan işlər nəticəsində Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilib. Qalanın daxilində Latviyanın “DD Expo” şirkətinin təcrübəli mütəxəssislərinin köməyi ilə müasir muzey ekspozisiyası yaradılıb. Xüsusi monitorlarda bu abidənin tarixi, daxili strukturu, tikintisində məqsəd, təyinatı və s. məsələlərlə bağlı fərziyyələr, əfsanələr və digər maraqlı faktlar əks olunub. Ekspozisiyadakı stenddə qədim sənətkarlıq məmulatları barədə məlumat verilir. Burada Qız qalasının müdafiə, istehkam, dini, rəsədxana və digər təyinatı barədə fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq imkanı var. Monitorlarda Qız qalasının təyinatı barədə film nümayiş etdirilir. Burada Qız qalası haqqında əfsanələrlə tanış olmaq mümkündür. Uşaqların böyük marağına səbəb olacaq “İçərişəhərin müdafiəsi” adlı interaktiv oyun da təqdim edilir.

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 16.