Ömür vəfa etmədi

 

Ömür ona həqiqətən vəfa etmədi. Acısı bol, şirini qəhət bir tale, rolların həyəcanında illər, işıqlı səhnələrin ani sevinclərində məqamlar yaşadı. Kinoyaddaşdan boylanan lent yazılarında, son yeri olan Rus Dram Teatrının səhnəsində oynadığı bir-iki obrazla az qala elə sağ ikən unudulmuşdu. Amma dünyadan köç günü ilə yenidən özü haqqında danışmaq istədi. Dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə vida etdi bizlərə.

Əməkdar artist, kinoteatr aktyoru Ömür Nağıyev 1953-cü ildə Bakıda anadan olmuşdu. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoteleviziya rejissorluğu fakültəsini bitirmişdi. 1972-ci ildən etibarən Azərbaycanfilm kinostudiyasında 30-dan artıq ekran əsərində rol almışdı.

Qanlı zəmi, Yeddi oğul istərəm, İmtahan, İşarəni dənizdən gözləyin, Bizim küçənin oğlanları, Bəyin oğurlanması, Doğma sahillər kimi filmlərdə yaratdığı obrazlar qalereyası, Bakı Bələdiyyə Teatrının səhnəsində həyat verdiyi rəngarəng rolları xüsusilə vurğulanmalıdır.

2005-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışan aktyor burada fərqli xarakterli obrazlara sənət ömrü verib. Bernar (K.Xiqqins QaroldMod), Prokuror (M.İbrahimbəyov Neft bumu), Qersoq Kornuelski (U.Şekspir Kral Lir), Polis (Elçin, Qatil), Azər baba (S.Vurğun, Fərhad və Şirin) kimi rolları teatrsevərlərin yaddaşında iz salıb.

Allah rəhmət eləsin.

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 12.