Mingəçevirdə musiqi məktəbinin yubileyi qeyd edilib

 

Mingəçevirdə Üzeyir Hacıbəyli adına onbirillik musiqi məktəbinin 60 illik yubileyi qeyd olunub.

 

Mingəçevir Dövlət Dram Teatrında keçirilən mərasimdə məktəbin direktoru Cəlal İsmayılov ölkəmizdə musiqi təhsilinin və uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları istedadlı gəncləri yeni yaradıcılıq uğurlarına həvəsləndirir. Tədris ocağının tarixindən danışan direktor qeyd edib ki, 1953-cü ildə fəaliyyətə başlayan məktəbin ilk vaxtlar iki şöbəsi və 30-40 şagirdi var idisə, hazırda burada müxtəlif ixtisaslar üzrə 710 şagird təhsil alır.

Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərman və diplomlarına layiq görülən məktəbin şagirdləri respublika müsabiqələrinin laureatları olub, o cümlədən muğam müsabiqələrində uğurla çıxış ediblər.

Tədbir məktəbin xalq çalğı alətləri orkestrinin ifasında konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 11.