Bakının müasir görkəmində bənzərsiz tarixi naxış

 

Xəbər verdiyimiz kimi, Azərbaycan memarlığının unikal abidəsi, Bakının tarixi simasının əzəmətli nümunəsi olan Qız qalası bir neçə il davam edən konservasiya işlərinin yekunlaşmasından sonra yenidən öz qapılarını ziyarətçilərin üzünə açıb. Qalanın daxilində, tikilinin əsas strukturuna və görkəminə xələl gətirmədən, beynəlxalq standartlara cavab verən müasir muzey ekspozisiyası da yaradılıb.

 

Paytaxtımızın tarixi rəmzlərindən biri, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən bu qədim tikilinin, həmçinin İçərişəhərdə yerləşən digər tarix-mədəniyyət yadigarlarının qorunub saxlanılması və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlər dövlət tərəfindən milli-mədəni irsimizə göstərilən diqqətin bariz nümunəsidir. Aparılan bərpa işləri tarixi memarlıq incisinin gələcək nəsillərə çatdırılması, dünya miqyasında təbliğ olunması istiqamətində atılmış mühüm addımdır.

Qız qalasında konservasiya işlərinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plana uyğun olaraq 2009-cu ildə start verilmişdi. 2013-cü ilin yanvarında abidənin daxilində başlayan konservasiya işləri ilə əlaqədar olaraq qala ziyarətçilər üçün bağlı elan olunmuşdu. Artıq 2014-cü il yanvarın 2-dən etibarən hər gün saat 10:00-dan 18:00-dək paytaxt sakinləri və şəhərimizin qonaqları abidəni, burada yaradılan muzey ekspozisiyasını ziyarət edə bilərlər.

Bizqalada aparılan bərpa və konservasiya işlərindən sonra abidə haqqında təəssüratlarını öyrənmək üçün onların bir neçəsi ilə həmsöhbət olduq.

Bakıya azyaşlı oğlu ilə birlikdə qonaq gəlmiş Ağstafa rayon sakini Elçin Həsənov deyir ki, uşaq televizorda Qız qalasını görüb, paytaxta gələn kimi buranı mütləq ziyarət etməyimizi istədi: Mənim də belə tarixi abidələrə böyük marağım var. Əvvəllər də burada olmuşam. Amma indi əvvəlkindən daha gözəldir. Yeni quraşdırılan monitorlarla qalanın tarixi haqqında aydın məlumat almaq olur. Çox xoşumuza gəldi. Buradakı pilləkən də yenisi ilə əvəz olunubçox rahatdır.

Paytaxt sakini Elnur Əsədov da abidədə aparılan konservasiya işlərini yüksək qiymətləndirdi: Bərpa işləri zamanı qalanın üzərində yaşayan köçəri quşlar da yaddan çıxarılmayıb, onlar üçünxüsusi yuvalar düzəldilib. Çox maraqlı və sevindirici haldır. Bu həm paytaxtımızın tarixinə, həm də təbiətinə göstərilən qayığının bariz nümunəsidir.

Mübariz Sadıqov isə paytaxtımıza Rusiyadan ailəsi ilə birlikdə qonaq gəlib. O da Qız qalasındakı möhtəşəm dəyişikliklərdən ağızdolusu danışdı: Biz burada axırıncı dəfə 1986-cı ildə olmuşuq. Düzdür, onda abidəyə giriş pulsuz olsa da, indiki kimi təmizlik yox idi. O vaxtdan indiyədək qalada çox böyük dəyişiklik hiss olunur, gözəlləşib, təmizlik yüksək səviyyədədir. Burada çoxlu müasir avadanlıqlar qoyulub ki, bu da abidə haqqında məlumat almağı asanlaşdırır. Əvvəllər burada gördüyüm tarixi eksponatların bəziləri isə indi yoxdur. Onları yenidən burada görmək yaxşı olardı.

Qız qalasında konservasiya işlərinin aparılması və qalanın daxilində müasir muzey ekspozisiyasının yaradılması keçmişlə gələcəyin vəhdəti kimi ziyarətçilərdə böyük maraq doğurur. Qədim şəhərin sirli tarixini özündə yaşadan, haqqında neçə-neçə əfsanələr dolaşan qala hər kəsdə zəngin təəssürat yaradır. Buradakı İçərişəhərin müdafiəsi adlı interaktiv oyun isə qədim şəhərin müdafiəsinin təşkil olunmasını uşaqların gözündə əyani olaraq canlandırır. İçərişəhər qala divarlarının əsas istehkamı olan Qız qalası əsrlər boyu Bakının ismət və zəriflik atributu kimi tanınıb. Yüz illər ərzində öz möhtəşəmliyi ilə görənləri heyran edən bu əvəzsiz memarlıq abidəsi bu gün də Bakının müasir görünüşündə bənzərsiz bir naxış kimi özünəməxsus yer tutur.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 8.