Açıq qapı günləri davamlı olacaq

 

Xaricdə geniş yayılmış sosial-mədəni aksiyalar təcrübəsindən istifadə

mədəniyyətimizin təbliğinə və muzeylərin inkişafına yardım edən uğurlu addımdır

 

Böyük Britaniyanın BP şirkətinin sponsorluğu ilə Milli Azərbaycan Tarixi MuzeyiMilli İncəsənət Muzeyində 10 günlük açıq qapı günləri keçirilir.

 

Açıq qapı günləri Milli İncəsənət Muzeyində yanvarın 2-dən 12-dək, Milli Azərbaycan Tarixi Muzeyində isə yanvarın 7-dən 17-dək davam edəcək. Bu müddətdə muzeylərə giriş ödənişsizdir. Kompaniyanın məqsədi muzeylərə marağı təşviq etmək, Azərbaycan tarixi və mədəniyyətini paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına daha yaxından tanıtmaqdır.

Muzeylərə və digər mədəniyyət ocaqlarına bu cür himayədarlıq ənənəsi dünyanın əksər iri şəhərlərində var. Böyük şirkətlər belə sosial layihələrin həyata keçirilməsinə yaxından yardımçı olurlar. Muzey və digər mədəniyyət ocaqlarının dostluq qrupları, donorları, sponsorları onlara çox böyük dəstək verir. Məsələn, Britaniya Milli Qalereyasına BP şirkəti, Norveç Milli Opera və Baletinə “Radisson” hotellər şəbəkəsinin bu tip sponsorluq ənənəsi mövcuddur. Yəni buraya gələn hər bir qonağın girişini həmin şirkətlər öz üzərinə götürür. Paytaxt Bakıda da bu təcrübədən istifadə etmək mədəniyyətimizin təbliğinə və muzeylərin inkişafına yardım edən vasitə kimi uğurlu addımdır.

Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri Əminə Məlikova bu layihəni muzeyin bir uğuru kimi qiymətləndirdi. Həmsöhbətim hər il 18 may - Beynəlxalq Muzeylər Günündə, ölkəmizdə olan digər muzeylər kimi, Milli İncəsənət Muzeyində də açıq qapı günü keçirildiyini vurğuladı: “Artıq bu təcrübəmiz var. Adi günlərə nisbətən açıq qapı günlərində muzeyimizə daha çox ziyarətçi gəlir. Belə günlərdə 300-400 ziyarətçimiz olur. Milli İncəsənət Muzeyinə hər zaman böyük ziyarətçi marağı var. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muzeydə mütəmadi olaraq tədbirlər keçirilir. Muzeyimizdə təkcə daimi ekspozisiya deyil, həm də vernisajların keçirilməsi də buraya adi günlərdə gələnlərin sayının artmasına səbəb olur”.

Əminə Məlikova Novruz bayramı ərəfəsi muzeydə yenidən açıq qapı aksiyasının keçiriləcəyini dedi. Onun sözlərinə görə, növbəti kampaniyada muzeyə giriş 15 gün ödənişsiz olacaq: “Novruz bayramı ərəfəsi həm tətil günləri çox olur, həm də ölkəmizə xaricdən çoxlu turistlər gəlir. Muzeyə xarici qonaqların da marağının böyük olduğunu nəzərə alaraq bu dəfə daha böyük sayda qonaq qəbul etməyə hazırıq”.

Heç kimə sirr deyil ki, ölkəyə gələn xarici qonaqların ölkənin mədəniyyəti ilə tanış olmaq üçün üz tutduqları əsas yerlərdən biri də məhz muzeylərdir. Muzeylərin ölkə mədəniyyətinin vizit kartı olduğunu nəzərə alsaq belə kampaniyaların mütəmadi olaraq keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Fariz

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 8.