AMEA-da Azərbaycan muğamını öyrənəcək yeni şöbə yaradılır

 

Şöbə əruz vəzni, muğam sənəti, ifaçılığı, tarixi ilə məşğul olan şərqşünas alimləri birləşdirəcək

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Muğamşünaslıq” adlı yeni şöbə yaradılır. Bu barədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.

 

O bildirib ki, yeni şöbə AMEA tarixində ilk dəfə olaraq muğam sənətini elmi cəhətdən öyrənəcək. Şöbə akademiyanın Memarlıq və İncəsənət İnstitutunun nəzdində fəaliyyət göstərəcək.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, ölkədə bu vaxta kimi keçirilən muğam müsabiqələri böyük rezonans doğurmaqla yanaşı, muğamın milli-mədəni inkişafına böyük təkan verib. Amma muğam haqqında olan elm muğam müsabiqələrinin fonunda yenidən təşkilatlanmağa borcludur. Yeni şöbə bu məqsədlə yaradılır: “Bu, müxtəlif institutlarda çalışan, əruz vəzni, muğam sənəti, ifaçılığı, tarixi ilə məşğul olan şərqşünas alimləri birləşdirəcək bir şöbə olacaq. Burada mədəni həyatda baş verən muğamla bağlı proseslər vahid qaydada elmi cəhətdən öyrəniləcək. Yeni şöbənin yaradılması ilə bağlı ilkin işlər aparılır, yaxın günlərdə akademiya rəhbərliyi bununla bağlı yekun qərar qəbul edəcək”.

İsa Həbibbəyli qeyd edib ki, bu vaxta kimi akademiyada xalq sənəti, musiqisi ilə bağlı ayrı-ayrı elmi tədqiqat şöbələri olub. İndiyə kimi muğamın xalq musiqisi şöbələrində öyrənildiyini deyən vitse-prezident vurğulayıb ki, muğam özünəməxsus keyfiyyətlərə malik olduğu üçün ayrıca tədqiq olunmağa layiqdir: “Ona görə akademiyada xalq musiqisi şöbəsini qoruyub saxlamaq şərtilə “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, akademiyanın tarixində bir ilk olacaq”.

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 10.