TÜRKSOY-un 20 illiyi yubiley medalı təqdim edildi

 

Bu xatirə nişanı gələcək fəaliyyətimizdə hər zaman bizi TÜRKSOY bayrağı altında birləşən dövlətlərlə daha sıx əməkdaşlığa sövq edəcək

 

Yanvarın 10-da Milli Kitabxanada Azərbaycanın mədəniyyət, incəsənət və mətbuat xadimlərinə TÜRKSOY-un 20 illiyi yubiley medalının təqdim edilməsi ilə bağlı tədbir keçirildi. Azərbaycan təmsilçiləri qurumun türk dünyası mədəni irsinin təbliği, türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi sahəsində həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə görə bu medala layiq görülüblər.

Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatda Azərbaycanın yüksək fəallıq göstərdiyini vurğuladı. Bildirdi ki, Bakıda keçirilən mühüm tədbirlərdə, o cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan beynəlxalq forumlarda TÜRKSOY-un təmsil olunması təşkilatın üzvləri arasında əməkdaşlığı daha da artırır və onları bir-birinə yaxınlaşdırır. Eyni zamanda təşkilatın həyata keçirdiyi tədbirlərdə, layihələrdə Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin yaxından iştirakı təqdirəlayiq haldır.

Biz türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq dilimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı yerinə yetiririk. Birgə mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ edirik. Azərbaycanın zəngin mədəniyyətini və digər türk dövlətlərinin mədəniyyətini xalqlarımız arasında təbliğ edərək tanıtmaq, dünyada təbliğ etmək də bu ali məqsədlərdən biridir, - deyə Düsen Kaseinov bildirdi.

Baş katib 2013-cü ildə təşkilatın Azərbaycanla bağlı bir sıra layihələr həyata keçirdiyini də diqqətə çatdırdı. Bildirildi ki, ötən il TÜRKSOY-un 20 illik yubileyi təşkilata üzv ölkələrdə, həmçinin Azərbaycanda müxtəlif tədbirlərlə qeyd edilib. Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində təşkilatın yubileyinin qeyd olunmasını xüsusi vurğulayan Düsen Kaseinov TÜRKSOY-un 20 illiyi ilə bağlı Parisdə, Strasburqda keçirilən tədbirləri də yada saldı. Bu yubiley çərçivəsində Azərbaycanın mühüm mədəniyyət hadisələri, o cümlədən dahi bəstəkar Üzeyir Hacıbəylinin Arşın mal alan operettasının 100 illiyi qeyd edilib, incəsənət xadimlərimizin çıxışları böyük sevgi ilə qarşılanıb.

Sonra TÜRKSOY-un baş katibi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova, Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikova, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya, Xalq artisti Azər Zeynalova, Əməkdar artist Azərinə, AzərTAc-ın baş direktoru Aslan Aslanova, ədəbiyyatşünas, tərcüməçi və jurnalist Ramiz Əskərə TÜRKSOY-un 20 illiyi yubiley medalını təqdim etdi. Həmçinin bildirildi ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bu medala layiq görülüb və medal ötən ilin oktyabrında Ankarada TÜRKSOY-un yubiley tədbirində nazirə təqdim edilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə TÜRKSOY-un baş katibinə minnətdarlığını bildirdi, təşkilatın həyata keçirdiyi tədbirlərin, eləcə də Azərbaycan mədəniyyətinin bu təşkilat səviyyəsində dünyada təbliğinin böyük əhəmiyyət daşıdığını vurğuladı. Düsen Kaseinovun hələ Qazaxıstanın mədəniyyət naziri işlədiyi dövrdə də hər zaman türk xalqlarının mədəniyyətinin tanıdılması yolunda gördüyü işlərdən söz açan Ədalət Vəliyev qeyd etdi ki, TÜRKSOY son illərdə Azərbaycanın tanınmış sənət adamlarının, rəssamlarının, musiqi xadimlərinin yubiley tədbirlərinin, milli bayramlarımızın birgə qeyd edilməsi ilə bağlı uğurlu layihələr həyata keçirib: Sözsüz ki, TÜRKSOY-un səmərəli fəaliyyəti türk xalqlarının ortaq mədəniyyətinə xidmət edir və türk dövlət başçıları bu fəaliyyətə yüksək qiymət verməklə yanaşı, təşkilata bu missiyada dəstək olurlar. Təqdim edilən bu xatirə nişanı gələcək fəaliyyətimizdə hər zaman bizi TÜRKSOY bayrağı altında birləşən dövlətlərlə daha sıx əməkdaşlığa sövq edəcək.

Ədalət Vəliyev 2014-cü ilin TÜRKSOY təşkilatı və bütün türk xalqları üçün uğurlu olmasını arzuladı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 8.