Bir səsin cazibəsi”

 

“TRT Müzik” kanalında yayımlanacaq veriliş Azərbaycan sənətçilərinin qardaş ölkədə tanınmasına xidmət edəcək

 

Yanvarın 15-də müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayevanın Türkiyənin “TRT Müzik” kanalı ilə birgə hazırladığı “Bir səsin cazibəsi” adlı telelayihəyə həsr olunmuş mətbuat konfransı keçirilib.

Türkiyənin Azərbaycandakı səfirliyində təşkil edilən tədbirdə telelayihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, “TRT Müzik” kanalında həftədə bir dəfə yayımlanacaq verilişdə Azərbaycan sənətçiləri qardaş ölkədə təbliğ olunacaqlar. 75 dəqiqə davam edəcək veriliş boyu Ankara Dövlət Ansamblının müşayiəti ilə canlı olaraq sənət adamlarının ifaları dinləniləcək və iki qardaş ölkənin mədəniyyət incilərindən, ədəbiyyat nümunələrindən söz açılacaq. Bu veriliş, eyni zamanda Azərbaycan telekanallarından birində də yayımlanacaq.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Meral Barlas, səfirliyin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə mövcud olan yüksək əməkdaşlıq əlaqələrindən danışıblar.

Vurğulanıb ki, yeni layihə xalqlarımız arasında mövcud mədəni əlaqələrə töhfələr verəcək.

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 7.