İRS yapon oxuculara mədəniyyətimizi təqdim edir

 

Nəşrin yeni sayında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsi dərc olunub

 

Ölkəmizin Yaponiyadakı səfirliyinin və İRS-Isan jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində növbəti nömrəsi nəşr edilib.

Jurnalın bu sayında xalqımızın muğam sənətinə diqqət və qayğısının təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi yapon oxuculara təqdim edilir.

Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır.

Bundan əlavə, jurnalda baş redaktor Musa Mərcanlının Qarabağ - muğamın beşiyi, Tofiq Musayevin Xocalıda cinayət: hadisənin günahkarları, baş verənlərin beynəlxalq hüquqa əsasən təsnifatı və məsuliyyət, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun Müasirimiz Məhsəti Gəncəvi, tarix üzrə fəlsəfə doktoru İzmira Quliyevanın Azərbaycanın təbii boyaları - təbiətin insana hədiyyəsi, Afət Rüstəmbəyovanın Qurama Azərbaycan tətbiqi sənətinin bir növü kimi, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Milli Azərbaycan Tarixi Muzeyində saxlanan yapon qılıncı haqqında məqalələri yer alıb.

Ölkəmizə səfər edərək son illər Azərbaycanın sürətli inkişafının şahidi olmuş yapon müəllifləri, tanınmış iqtisadçı-ekspert Kazuyasu İşidanın Yeni zirvələr fəth edən Azərbaycan və JİJİ PRESS informasiya agentliyinin müxbiri Yokoi Hirominin Odlar yurdu Azərbaycana səyahət başlıqlı məqalələri də jurnalda dərc olunub.

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 8.