Kəhrabalı Litva turistləri bütün fəsillərdə dəvət edir

 

Bu ölkənin turizm imkanları Bakıda nümayiş olundu

 

Yanvarın 14-də Excelsior Baku mehmanxanasında Litvanın turizm potensialının təqdimatı keçirildi. Kəhrəbalı Litva adlı tədbir Litvanın Turizm üzrə Dövlət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdu.

Litva turizm təmsilçilərinin və Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə bu ölkənin kurort bölgələri haqqında ətraflı məlumat verildi. Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilüte son vaxtlar ölkəsinə səfər edən azərbaycanlı turistlərin sayının artdığını bildirdi. Qeyd olundu ki, Litva Baltik dənizinin sahilində qonşu ölkələrə nisbətən cənubda yerləşir. Bu ölkənin təbiəti və coğrafi mövqeyi ona ilin bütün fəsillərində turist qəbul etmək və mövsümə uyğun olaraq infrastruktur yaratmağa imkan verir: Gözəl təbiətinə, hotellərində və istirahət məkanlarında yüksək səviyyəli xidmətinə və münasib qiymətlərinə görə Litva hazırda Avropa ölkələri arasında önəmli yer tutur.
   Litvanın Turizm üzrə Dövlət Departamentinin direktoru Raymonda Balnene ölkəsində tibbi turizmin imkanları, kurort bölgələri olan Klaypeda, Kaunas, Palanqa, Şaulyay, Druskininkada mövcud olan müalicəvi mineral sular haqqında danışdı.

Litva Kurort Assosiasiyasının direktoru Yurqita Kazlauskene isə paytaxt Vilnüsün Avropanın ən yaşıl şəhəri kimi tanındığını, digər şəhərlərin də ilin bütün fəsillərində unudulmaz istirahət məkanı olduğunu diqqətə çatdırdı.

Sonra Litvanın şəhərlərinə həsr olunmuş film nümayiş etdirildi. Filmdə bu şəhərlərin əhalisinin qonaqpərvərliyi, kəhrəbanın hazırlanması və istifadəsi, Litva milli mətbəxi, mədəniyyət ənənələri, arxitekturası əksini tapmışdı.

Tədbirdə daha sonra Litvanın tibbi turizm imkanları barədə məlumatlar verildi. Bu ölkənin tibbi turizm sahəsinin nümayəndəsi Qrajvidas Morkus təqdim etdikləri keyfiyyətli müalicənin Avropanın bir sıra ölkələrində göstərilən tibbi xidmətlə müqayisədə daha sərfəli olduğunu qeyd etdi. O, qonaqlara həmçinin Litvanın müxtəlif zəngin mineral müalicəvi suları haqqında danışdı.

Litvada fəaliyyət göstərən Sunny Travel turizm şirkətinin direktoru Kristina Smık-Boquşko Azərbaycandan bu ölkəyə getmək istəyənlər üçün ən əlverişli təyyarə reysinin Minskdən keçdiyini bildirdi. Belavia aviaşirkəti tərəfindən həyata keçirilən uçuşların qiyməti 340 manat təşkil edir.

Tədbirin sonunda iştirakçılara Litva mətbəxinin təamları, o cümlədən məşhur kəhrəba turşusu təqdim olundu.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.-2014.- 17 yanvar.- S. 9.