Odlar Yurdu, musiqi diyarı

 

Avstriya jurnalında Azərbaycan musiqisi haqqında məqalə

 

Avstriyanın geniş dinləyici auditoriyasına malik Ö1 radiosunun aylıq nəşri olan Gehört (Dinlənildi) jurnalının yanvar buraxılışında Azərbaycan musiqisinə həsr olunmuş Odlar Yurdu, musiqi diyarı sərlövhəli məqalə dərc edilib.

Radionun moderatoru, musiqi proqramlarının aparıcısı Nadya Kayali tərəfindən qələmə alınmış məqalədə Azərbaycanın musiqi dünyası və janrlarından söhbət açılır. Azərbaycan musiqisinin özülündə muğamın durduğunu qeyd edən müəllif bu janrın klassik musiqiyə də ciddi təsir göstərdiyini, dahi bəstəkar Üzeyir Hacıbəylinin bu janrdan ilhamlanaraq Şərqin ilk operası olan Leyli və Məcnunu bəstələdiyini diqqətə çatdırır. Qeyd olunur ki, tonallıq və improvizasiya cəhətdən muğamla ortaq nöqtələrə malik olan caz janrının sintezindən törəyən muğam-caz da Azərbaycanda geniş yayılıb.

Müəllif xalq mahnıları və aşıq musiqisindən bəhs edərək Kitabi-Dədə Qorqud dastanı qələmə alındığı dövrlərdən bəri qopuz-saz sənətinin xalq tərəfindən yaşadıldığını da vurğulayır.

Məqalədə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalqımızın muğam musiqisini tanıdan konsert barədə məlumat yer alıb. Jurnalda həmçinin yanvarın 31-də Ö1 radio kanalında Azərbaycan musiqisinə həsr olunmuş üç saatlıq verilişin anonsu yerləşdirilib.

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 15.