Azərbaycan - əsrarəngiz diyar

 

   Vyetnamın Mədəniyyət, Turizm və İdman Nazirliyinin Turizm Administrasiyasının rəsmi mətbu orqanı Vietnam Tourism Review jurnalının 2013-cü ilin yekunlarına həsr olunmuş xüsusi buraxılışında Azərbaycan - əsrarəngiz diyar sərlövhəli məqalə dərc edilib.

Vietnam Tourism Review jurnalı hər il ənənəvi olaraq dünyanın turizm imkanlarından bəhs edən illik yekun xarakterli xüsusi buraxılış nəşr edir. Bu buraxılışda turizm sahəsində mühüm uğurlar qazanmış ölkələr haqqında yazılara yer verilib.

Azərbaycan - əsrarəngiz diyar adlı məqalədə ölkəmizin zəngin tarixi və mədəni irsi, mətbəxi, gözoxşayan təbiəti haqqında ətraflı məlumatlar əksini tapıb. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qədim və müasir memarlıq abidələri, geniş turizm imkanları olduğu vurğulanır. Məqalədə son illər turizm sahəsində aparılan islahatlar nəticəsində ölkədə yay, qış turizm infrastrukturunun inkişaf etdiyi və hər il Azərbaycana səyahət edən turistlərin sayının artdığı bildirilir. Jurnalda Azərbaycanın turizm imkanlarını əks etdirən maraqlı fotoşəkillər də yer alıb.

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 16.