Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.

Tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, "Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində rolu" mövzusunda elmi konfransın, "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili nəzərdə tutulub.

Bundan əlavə, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, eləcə də Türkiyə Cümhuriyyəti Milli Kitabxanasında olan nəşrlərin faksmile sürətlərinin Azərbaycan Milli Kitabxanasına təqdim edilməsi, görkəmli dövlət xadiminin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin ölkənin kütləvi informasiya vasitələrində dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin, dəyirmi masaların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlər təşkil olunacaq.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 3.