Ağla, qərənfil, ağla...”

 

Yanvarın 17-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Oqtay Qasımov və Mədinə Qasımovanın “Ağla, qərənfil, ağla...” kitabının təqdimatı keçirildi. 20 Yanvar hadisələrindən bəhs edən yeni nəşr Azərbaycan və rus dillərində işıq üzü görüb.

Əvvəlcə 20 Yanvar hadisələrində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tariximizin faciəvi, eyni zamanda şanlı səhifəsindən bəhs edən “Şəhidlik ölməzlikdir” adlı sənədli film nümayiş olundu.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvarın Azərbaycan tarixinin qürur səhifəsi olduğunu, 24 il ötməsinə baxmayaraq, hələ də bu tarixin gizli məqamlarının olduğunu vurğuladı. Bu mövzuda yazılan əsərlərin böyük əhəmiyyət daşıdığını dedi: “Qanlı hadisələrin şahidi, müstəntiq, yazıçı-publisist Oqtay Qasımov 24 il ərzində çoxsaylı kitab və məqalələr yazıb. Təqdimatına toplaşdığımız kitab da bu mövzuya həsr olunub”.

Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli çıxışında 20 Yanvar hadisələrini bir daha yada saldı və bu faciənin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd etdi. Bildirdi ki, Azərbaycanın vətənpərvər insanları bu mövzuda tədqiqatlar aparır, yeni faktlar üzə çıxarırlar.

20 Yanvar Cəmiyyətinin sədr müavini Mustafa Əliyev hər il olduğu kimi bu il də təmsil etdiyi cəmiyyətin apardığı geniş təbliğat işindən bəhs etdi və hər bir azərbaycanlının şəhidlər qarşısında borcu olduğunu dedi.

Kitabın müəllifi Oqtay Qasımov nəşrin ərsəyə gəlməsindən, üzləşdiyi çətinliklərdən, istintaq zamanı rastlaşdığı ağrılı həqiqətlərdən ürək yanğısı ilə danışdı. Kitabın ərsəyə gəlməsində ona yaxından kömək olan Bakı Dövlət Universitetinin baş müəllimi Mədinə Qasımovaya təşəkkürünü bildirdi.

Milli Kitabxananın əməkdaşları Xuraman İsmayılova və Səyyarə Məmmədli tərəfindən 20 Yanvara həsr edilən şeirlər səsləndirildi.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar qəhrəmanlıq salnaməsidir” adlı kitab sərgisi ilə tanış oldular.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 4.