Onun əksər qəhrəmanları ziyalılar, düşüncə sahibləridir”

 

Xalq artisti Həsən Məmmədovun 75 illiyi qeyd olundu

 

O, Azərbaycan kinosunaBöyük dayaq” filmində oynadığı Qaraş rolu ilə gəlmişdi. Bu debütdən sonra qarşıda bizi sevə-sevə izləyəcəyimiz neçə-neçə film gözləyirdi.

Məlahətli səsə, səmimi çöhrəyə malik Xalq artisti Həsən Məmmədovun yaratdığı obrazlara baxarkən hər dəfə nə isə kəşf etməmək mümkün deyil. Böyük sənətkarın daxili aləmində bir ağayanalıq, kübarlıq hiss olunurdu. O, bənzərsiz səsi ilə də milyonların qəlbini fəth etmişdi...

Yanvarın 17-də Dövlət Film Fondunda görkəmli aktyor, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən mərasimdə əvvəlcə sənətkarın rol aldığı filmlərin kadrlarından və fotolarından ibarət videoçarx nümayiş olundu.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın aktyorluq məharətindən söz açdı: “Həsən Məmmədov yaratdığı obrazlarla milli kinoteatr tariximizdə özünəməxsus yer tutan bənzərsiz sənətkardır. Canlandırdığı obrazın hansı epoxada yaşamasından asılı olmayaraq, onun əksər qəhrəmanları cəmiyyəti öz çiynində aparan ziyalılar, düşüncə sahibləridir”.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə görkəmli aktyorun çəkildiyi filmlərdən, yaratdığı obrazlardan danışdı. Bildirdi ki, kinomuzun tanınmış nümayəndələrindən olan Həsən Məmmədov öz şəxsi keyfiyyətləri ilə də fərqli sənətkar idi. Qeyd olundu ki, Həsən Məmmədovun kinoda həyat verdiyi personajlar öz intellektual səviyyəsi, təbiətcə sakitliyi və təvazökarlığı ilə seçilir. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən aktyor bir müddət radioda diktor işləyib, sonra Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

Unudulmaz sənətkar 50-dək filmdə müxtəlif xarakterli rollar yaradıb. “Arşın mal alanda (1965) Əsgər, “Bir cənub şəhərində” filmində Murad, “Yeddi oğul istərəm”də Bəxtiyar, “Sevil”də Balaş, “Axırıncı aşırım”da Abbasqulu bəy, “Gün keçdi”də Oqtay, “Dədə Qorqudda Dədə Qorqud, “Birisigün, gecə yarısı”nda Baba Əliyev və başqa obrazlarında ecazkar səsi və aktyorluq məharəti ilə kinosevərlərin yaddaşında iz qoyub.

Tədbirdə aktyorun rol aldığı filmlərdən maraqlı fraqmentlər təqdim olundu.

Fondun foyesində sənətkarın rol aldığı filmlərdən və keçdiyi həyat yolunu əks etdirən fotolardan ibarət sərgi təşkil olunmuşdu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 5.