Xalqın mübarizə ruhunun ifadəsi

 

Yanvarın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər tarixi muzeyi Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirdi.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bildirdi ki, tariximizdə elə ağlı-qaralı günlər var ki, heç zaman unudulmur. 20 Yanvar faciəsi də zaman-zaman vərəqlənəcək, nəsil-nəsil oxunacaqyad ediləcək.

İçərişəhər tarixi muzeyinin direktoru Ceyhun Ağakişibəyli qeyd etdi ki, tariximizin qanla yazılmış bu səhifəsi hər birimizdə dərin kədər hissi ilə yanaşı, iftixarqürur hissi doğurur. Azərbaycan xalqı əsrlər boyu yaşatdığı mübarizə ruhunu 20 Yanvarda bir daha nümayiş etdirdi. Həmin vaxt xalq Qarabağ üçün, dövlət müstəqilliyi üçün ayağa qalxdı. O gün tariximizə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq günü kimi daxil oldu.

Muzeyin şöbə müdiri Xanım Abdinova bildirdi ki, totalitar rejim öz haqqı və azadlığı uğrunda mübarizəyə qalxan xalqın inam və iradəsini qırmaq məqsədilə 1990-cı ilin 20 yanvarında misli görünməmiş cinayət törətdi. Lakin xalqımız mübarizə əzmini itirmədi. Azadlığa, müstəqilliyə qovuşmaq üçün çətinlikləri qəhrəmanlıqla dəf etdi. Qədirbilən xalqımız şəhidlərin xatirəsini görkəmli şairlərin şeirlərində, yazıçıların və bəstəkarların əsərlərində yaşadır. Faciənin miqyasını gələcək nəsillərə çatdırmaq üçün neçə-neçə ekran əsərləri yaradılıb, cild-cild kitablar yazılıb.

Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev o dəhşətli gecədə baş verən hadisələrdən danışdı, xatirələrini bölüşdü: Yanvarın 19-u idi. Camaat televiziya binasını əhatəyə almışdı. Tələb olunurdu ki, xalqa həqiqəti desinlər. Bakıda baş verən hadisələr obyektiv işıqlandırılsın. 20 Yanvar xalqımız üçün sınaq məqamı idi. Paytaxtımız tanklarla, əsgərlərlə dolu olmasına baxmayaraq, xalq qorxub geri çəkilmədi. Hamılıqla meydana yığılıb öz şəhidlərini ehtiramla dəfn etdi.

Muzeyin şöbə müdiri Nahidə Bəkirova çıxışında vurğuladı ki, sovet ordusunun törətdiyi 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq.

Sonda Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 5.