Qalx ayağa, Azərbaycan

 

20 Yanvar faciəsinin ildönümü, bu qanlı və şanlı tarix daha bir tamaşada səhnə həllini tapdı. Faciənin 24-cü ildönümündə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında Qalx ayağa, Azərbaycan adlı tamaşa təqdim olundu.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu tamaşada faciədən doğan ağrı ilə yanaşı, xalqımızın mübarizlik, əzmkarlıq ruhu da əksini tapdı. Meydan teatrı üslubunda hazırlanan tamaşa 20 Yanvarda müstəqilliyimizin həqiqətə çevrilməsi naminə qurban gedən əzizlərimizin haqqını bütün dolğunluğu ilə təcəssüm etdirə bildi.

Tamaşanın müəllifi İftixar Piriyev səhnə əsərində ulu öndərin bədii obrazında çıxış edirdi. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində tarixi çıxışının səhnə təcəssümü tamaşada dolğun ovqat yaratdı. Ulu öndərimizin cəsarəti ilə xalqımızın cəsarət qüdrəti həmahəng səslə bir-birinə üzvi şəkildə qovuşaraq səhnə əsərinə bədii emosionallıq bəxş etdi. Bütün bunlar bir daha tamaşaçılara bu fikri aşıladı ki, 20 Yanvar tarixi təkcə qanlı tarix deyil, həm də şanlı tariximizdir. Bu tarix məhz bugünkü müstəqilliyimizin təməli idi.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 6.