Daşkənddə 20 Yanvara həsr olunmuş tədbir

 

Ölkəmizin Özbəkistandakı səfirliyinin və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulub. Sonra mərasim iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı fotostend, Qara Yanvar, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi ilə tanış olublar. Tədbirdə 20 Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilib.

Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, özbək şairi Sunnatulla Suleymanov, jurnalist Şövkət Əliyeva və başqaları XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi qırğınlardan biri olan 20 Yanvar faciəsi haqqında söz açıblar.

Mərasim iştirakçıları arasında 20 Yanvarın ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın müraciəti yayılıb.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 13.