Müasir İncəsənət Muzeyində uşaq yaradıcılıq sərgisi

 

Yanvarın 23-də Müasir İncəsənət Muzeyində YARAT Müasir İncəsənət Məkanı ilə birgə uşaq yaradıcılıq sərgisi açılıb.

Mərasimdə çıxış edən YARAT Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

DaART uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva layihənin davamlı olacağını qeyd edib. Onun sözlərinə görə, ildə iki dəfə muzeydə ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Sərgi üç ay ərzində hər həftənin bazar günlərində Müasir İncəsənət Muzeyində keçirilmiş 7-13 yaşlı uşaqlar üçün ustad dərslərinin nəticəsi olaraq təqdim olunur. Ustad dərslərində gənc iştirakçılar peşəkar rəssamların rəhbərliyi altında yaradıcılıq düşüncəsinin, kompozisiyanın, yapmanın, kollajın, fotonun və batikanın əsaslarını öyrəniblər.

Ustad dərslərində Çingiz Babayev, Mətin Şərifov, Aqşin Kazımov, Xanlar Əsədullayev, Nadiya Taziyeva, həmçinin DaART uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva və müəllimləri Nübar Şahbazova, Zina Qasımova da iştirak ediblər. 150-dək əl işinin nümayiş olunduğu sərgi yanvarın 31-dək davam edəcək.

 

Mədəniyyət.- 2013.- 24 yanvar.- S. 2.