Bir gecənin nağılından gerçəyə

 

Reallıqla barışmayanlar, arzularını reallaşdıra bilməyənlər, özlərindən ayrılıb başqa bir adam kimi yaşayanlar yuxuları daha çox sevirlər. Orada azad, xoşbəxt öz tənhalıqlarında tam, bütöv olurlar. Utancaqlıq, qorxu, qınaq hissini unudub, xəyalları, yuxuları ilə qol-boyun olub yatırlar. Amma hərdən sərsəm oyanışlar, kabuslu sayıqlamalar, Lənət sənə kor şeytan, bu yuxu idi! - deyib sıçramalar da olur.

Beləcə, biz yuxuda gah özümüz olur, gah da içimizdəkilərdən qorxaraq baş götürüb qaçırıq. Amma reallığı yuxu, bəzən çarəsizlikdən xəyal kimi görmək istədiyimiz anlar da olur. Özümüzdən qaçmaq üçün bu, əla fürsətdir.

Yanvarın 16-da Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində bizə yuxularımız, reallıqlardan qaçaraq yuxu bildiklərimiz barədə düşünmə aşılayan, həyatımıza yenidən baxmaq cəsarəti verən tamaşa təqdim olundu. Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanmış Bir gecənin nağılı adlı tamaşanın premyerasında zal dolu idi. Hər kəs az qala nəfəsini duyub hiss etdiyi aktyorların ifasında azad, azad olduqları qədər məhkum gənclərin hekayətinə hakim idi. Səhnədə öz dünyasının əsiri - fədakar axtaran biri var hamı onu anlamağa, haqq qazandırmağa çalışır.

Tərəf-müqabilini ya qurbanını axtaran Gülnaz (Zülfiyyə Alhüseynova) evə getməyə hazırlaşan Namiqi (Eşqin Quliyev) dartıb səhnəyə çıxarır, onu öz azadlığından çıxmağa təhrik edir. Elə hər şey bundan sonra başlayır. Sevgi, fədakarlıq, bağlılıq, nifrət, ehtiyac kimi insani yaşantılar qəhrəmanları silkələdikcə, onların üzü ortaya çıxır.

Tamaşada hadisələr parkda cərəyan edir. Ailəsi tərəfindən istəmədiyi adamla nişanlanmağa məcbur edilən Gülnaz evdən qaçır gecə vaxtı parka gəlir. Bu zaman evə gedən Namiqə rast gəlir ona sataşmağa başlayır. Namiq isə ağlında sadəcə oxumaq, alimlik dərəcəsinə yüksəlmək fikirləri dolaşan gəncdir. Arzuları tam başqadır, qurduğu sevgi, sevgili xəyalları hələ çox uzaqdır, ya da var, amma qurbanına çevrildiyi Gülnaz deyil. Bəlkə odur, amma hələ Namiq o hissiyyata qapılmayıb. Diqqətlə baxsaq, görərik ki, bu seçim onun istəyi deyil. Namiqgilin ailəsində, demək olar ki, hamı alimdir, həyata baxışları fərqlidir. Amma etməli, onun başqa seçimi yoxdur. Zülfiyyə Alhüseynovanın qəhrəmanı xasiyyətcə dəli-dolu, çılğın tipajdır. Deməli, burada əziyyət çəkən elə məhz gələcəyin alimi olacaq.

Hər iki obraz xaraktercə bir-birindən tam fərqli olsa da, onları birləşdirən yeganə cəhət valideynlərinin istəklərindən kənara çıxa bilməməkləridir. Məsələn, Gülnaz Namiqə evlilik təklif edir. O səddi qırmağa çalışır, cəsarətini göstərir. Namiq isə o anda sanki diksinir, ağlında evlilik yox, alimlik iddiası olduğunu, eləcə yəqin anasının indi narahat vəziyyətdə evdə onu gözlədiyini bildirərək vaxtsız reallıqdan qaçmağa çalışır. Gülnaz isə Namiqin heç kimdən asılı olmadan sərbəst, öz ayaqları üstündə yaşamasını istəyir, yəni özü istədiyi kimi bir model yaradır sonda bu istəyinə nail olur. Namiq Gülnaza aşiq olur, öz dünyasından qopub Gülnaz, onun arzuları, sevgisi, xilası üçün xəyallar qurur, yuxular görür. Sevgilisi üçün göydən ulduz qoparmağa, qayaları dəlməyə belə hazır olduğunu bildirir. Artıq Namiq özünü unudub, alimlik planları çoxdan pozulub. Dünyada reallıq anlayışı çoxdan itib. O hələ yuxudadır, ta Gülnazın növbəti kaprizinin kabusundan oyananadək.

Qız indi tam başqa arzuya düşüb. Fikrini dəyişib evə getmək istədiyini bildirir. Fədaisinin sevgisinə inanmaq üçün qəribə, qorxunc bir imtahan da hazırlayır: onun sevgisinə yalnız ildırım çaxarsa, yağış yağarsa, inanacaq. Biçarə Namiq isə onu hər gün bu yerdə gözləyəcəyini deyir şirin yuxusunda bədbəxt bir həyəcana qapılır. Görüş bitir, sevgililər ayrılır elə bu an ildırım çaxmağa başlayır...

Səmimi aktyor oyunu, maraqlı rejissor tapıntıları (quruluşçu rejissoru Gülnar Hacıyeva) ilə müşayiət olunan tamaşanın təsir gücünün artmasında səhnənin sadə tərtibatı (tərtibatçı rəssam Zəminə Orucova) mühüm rol oynamışdı. Həmahəng işıq effektləri (işıq üzrə rəssam Vadim Kuskov) təbii ki, qəhrəmanların ruh halının təsir təsvir gücünü artıran musiqi (tərtibatçı İradə Muradova) uğurlu bir vəhdətlə tamaşaçıda xoş təəssürat oyatdı.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 6.