Böyük ekranda kino

 

Nəyə və necə baxırıq?

 

Soyuq qış günlərində istirahət vaxtlarını səmərəli keçirməyin bir yolu da film izləməkdir. Son vaxtlar paytaxtımızda müasir standartlara cavab verən kinoteatrlar, sinema klubları fəaliyyətə başlayıb. Bəs bu məkanlara üz tutan insanlar filmlərin nümayişindən razıdırlarmı? Nümayiş olunan ekran əsərləri hansı şərtlərlə ölkəmizə gətirilir? Bu və digər suallara cavab almaq məqsədilə yolumuzu kinoteatrlardan saldıq.

Əvvəlcə bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən 15 iyul 2011-ci il tarixdən etibarən ölkədə fəaliyyət göstərən kinoteatrlarda xarici filmlər Azərbaycan dilinə tərcümə edilərək (subtitrlə və ya dublyaj olunaraq) nümayiş etdirilməlidir. Qaydalara əsasən, premyera günü filmləri alt yazı ilə çatdırmaqdan ötrü kino kompaniyaları öncədən dialoq vərəqələrini də təqdim etməlidirlər. Həmin mətnlər tərcümə edilərək kompaniyalara göndərilir və onlar tərcümələri kadrların üstünə düzdükdən sonra filmi kinoteatra göndərirlər. Digər bir zəruri proses isə filmlərin dublyajıdır.

Bu üsullardan hansının seçilməsi kinoteatrların öz işidir. Amma dublyaj zamanı savadlı tərcüməçilərdən və peşəkar aktyorlardan istifadə edilməlidir. Bu gün Bakıda hələlik 5-6 kinoteatr tam fəaliyyətdədir və yəqin ki, onlar üçün bunu etmək heç bir kino kompaniyanın marağında deyil.

 

Əvvəlcə statistikaya nəzər salırıq

 

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən bildirildi ki, filmləri dublyaj etməyə və subtitrlərlə göstərməyə hələlik imkanları yoxdur. Bunun üçün mərkəz lazım olan avadanlıqlarla tam təchiz edilməyib. Həmin prosesin həyata keçirilməsi üçün lazımi avadanlıqlarla təchizatdan və zəruri işlər görüldükdən sonra tamaşaçılar bu xidmətlərdən yararlanacaqlar. Hələ ki, filmlər kino şirkətlərinin təqdim etdiyi dildə yayımlanır.

28 Mall Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərən 28 Cinemanın marketinq meneceri Aqşin Şahbazzadə xaricdən filmlərin alınmasından danışdı: Filmlər standart üsullarla Azərbaycana gətirilir. Prokata buraxılan filmləri biz də icarəyə götürürük. Bu dünya premyeraları ilə eyni vaxta təsadüf edir. Sözsüz ki, əvvəlcə statistikaya nəzər salırıq. Film nə qədər tamaşaçı yığıb, filmə maraq nə qədərdir, tənqidçilər bu filmi necə dəyərləndirirlər və s. Çünki filmlər bəzən ilk olaraq dünya premyerasından sonra MDB məkanlarında göstərilməyə başlayır. Bizim 28 Cinemada hər iki aydan bir sorğu keçirilir. Öyrənirik görək, tamaşaçılar ən çox hansı filmlərə üstünlük verirlər. Hansı janr daha çox səs yığırsa, çalışırıq ki, həmin janrda filmləri nümayiş etdirək.

Fevral ayında 5-ə yaxın türk filmini gətirməyi planlaşdırdıqlarını deyən həmsöhbətim burada da tamaşaçılar arasında sorğunun diqqətə alındığını deyir: Ümumiyyətlə, bizim kinoteatrlarda standartlara uyğun filmlər nümayişə çıxarılır. Ekran əsərləri ingilis, rus, türk və Azərbaycan dillərində nümayiş olunur. Biz test olaraq ilk dəfə Azərbaycan dilinə film dublyaj edərək nümayiş etdirdik. Amma bəlli oldu ki, hələlik həm vaxt, həm də peşəkarlıq cəhətdən bu prosesə tam hazır deyilik. İnanıram ki, bu sahədə irəliləyişlər olacaq. Sadəcə, zaman lazımdır.

Aqşin Şahbazzadə görüləcək işlərdən də danışdı: Çox maraqlı bir cizgi filmini məşhurların ifasında dublyaj etməyi planlaşdırırıq. Kinoteatr elə bir aləmdir ki, hər gün yeni bir ideya yaranır. Bununla biz ilk olaraq repertuarımızı zənginləşdirir, reklam imkanlarımızı artırırıq. Çalışırıq ki, dünya premyeralarının eksklüziv nümayişi bizim kinoteatrda olsun. Bizdə heç vaxt pirat filmlər göstərilməyib. Bu da sözsüz ki, tamaşaçıların bizə etimadından irəli gəlir.

 

Əsas çətinlik dublyaj və peşəkar tərcümədir

 

Metro ParkPark Bulvar ticarət və əyləncə mərkəzlərində fəaliyyət göstərən Park Cinemadan isə bildirdilər ki, onlar filmləri Film Distributor şirkətindən alırlar. Şirkətin rəhbəri Faiq Kazımovun sözlərinə görə, filmin dublyajını sifarişçi tərəf həyata keçirməlidir. Sifarişçi əgər həmin məbləği yığa bilməyəcəksə, filmin dublyajına maraq göstərmir: Əsas çətinlik dublyajda və peşəkar tərcümədədir. Təbii ki, heç kəs yaxşı dublyaj və tərcümə olunmamış filmə baxmaq istəməz. Bu hər iki tərəf - həm kinoteatr, həm də tamaşaçı üçün mənfi haldır. Odur ki, burada əsas məsələ peşəkar dublyaj studiyalarının, tərcüməçilərin və ya bu məsələdə film istehsal edən şirkətlərlə razılıqların olmasıdır. Bir filmin dublyajı təxminən 25 min dollara başa gəlir. Filmlər bizə MDB ölkələri üçün olunan dublyajla, yəni rus dilində gətirilir. Kinosevərlərə də bu dildə təqdim edilir. Dünya premyerası ilə eyni vaxtda biz də həmin filmi tamaşaçılara çatdırmaq üçün səy göstəririk.

Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bizimlə söhbətində bildirdi ki, bu sahədə vəziyyət hələ də tam yoluna qoyulmayıb. Çünki burada hər şey maliyyədən asılıdır: Bəzən tamaşaçılara, afişada Azərbaycan dilində alt yazı və dublyajın olduğu bildirilsə də, filmə rus dilində tamaşa etmək məcburiyyətində qalırlar. Kinoteatrlarda filmlərin tərcümə edilməsinin xüsusi prosedur qaydaları olmalıdır. Filmi qanunla, lisenziya ilə alanda, filmin üstündə onun skriptiverilir. Bu skript əsasında film tərcümə olunduqdan sonra kinoteatra təqdim olunur. Məsələn, Türkiyədə subtitrlə tərcüməyə daha çox üstünlük verilir. Rusiyada isə sinxron tərcümə gedir. Artıq rus tamaşaçıları sinxron tərcüməyə alışıblar və bu tərcümə olduqca keyfiyyətlidir. Bizdə isə bu yöndə hələ də görüləsi işlər var.

 

Böyük ekrandan film izləməyin başqa ləzzəti var

 

Kinoteatrlara marağın artmasını biz də müşahidə etdik. Nizami Kino Mərkəzində olduğumuz zaman söhbətləşdiyimiz kinosevərlərin də fikirləri bunu təsdiqləyir. Xüsusilə də gənc tamaşaçılar filmlərdən və xidmətdən razılıq edirdilər. Nizami Kino Mərkəzi, Metro Cinema, Park Cinemanı çox bəyəndiklərini dedilər. Bildirdilər ki, qiymətlər də münasibdir. Mütəmadi olaraq bu kinoteatrlarda müxtəlif aksiyalar keçirilir. 20 Yanvar hadisələri ilə əlaqədar olaraq bir neçə kinoteatrda pulsuz olaraq yerli istehsalımız olan Dolu və Fəryad filmləri nümayiş olunub. Belə aksiyalar zamanı məktəblilər də kinoteatrlara gəlirlər və sözsüz ki, bu onların tamaşaçı mədəniyyətinin formalaşmasında mühüm amildir. 5-10 il əvvəl kinoteatra maraq tamamilə sönmüşdü, çünki müasir tələblərə cavab verən belə məkanlar yox idi. İndi isə artıq bu şərait var. Filmi böyük ekrandan izləməyin başqa ləzzəti var. Çox yaxşı haldır ki, milli filmlərə də maraq artır. Yeni çəkilən filmlər artıq nümayiş olunmağa başlayıb.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 7.