Məqsədimiz turizm sənayesi üçün peşəkar kadr hazırlamaqdır

 

Bakı Turizm Peşə Məktəbinin Təhsil-Təlim Mərkəzində kurslar başlayıb

 

Ötən ilin noyabrında Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində Təhsil-Təlim Mərkəzi fəaliyyətə başladı. Mərkəz nazirlik və BMTİP arasında imzalanmış Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi adlı ikiillik layihə çərçivəsində açılıb. Layihə turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların hazırlanması və mövcud problemlərin həllinə yardım məqsədi daşıyır.

Ötən müddətdə layihə üzrə görülən işlər barədə məlumat almaq üçün məktəbdə olduq.

Layihənin koordinatoru Səbinə Babayeva bizimlə söhbətində bildirdi ki, mərkəzdə tələbələr üçün tədris kursları iki aydır başlayıb: Kurslar Türkiyə və Ukraynadan dəvət edilmiş mütəxəssislər, habelə yerli ekspertlər tərəfindən aparılır. Hazırda aşpaz, barmen-ofisiant-front-ofis, turagent qrupları üzrə peşə təlimləri davam edir. Dinləyicilər dərslərin nəzəri hissəsini bitiriblər, hazırda təcrübədədirlər. Qrupların hər birinə təcrübə keçmələri üçün məktəbdə lazımi şərait yaradılıb. Həm dəvət etdiyimiz, həm yerli müəllimlər xüsusi proqramlar tərtib ediblər dərsləri həmin proqram üzrə keçirlər. Peşə təhsili üçün müddət azdır. Cəmi birillik təhsil müddəti var. Bunun 5 ayı nəzəri dərslərə, qalan vaxt isə təcrübəyə gedir. Bu az müddətdə tələbələrin öz ixtisasları üzrə daha çox bilgi almasına çalışırıq.

Həmsöhbətim bildirdi ki, kursların sonunda imtahandan keçənlərə Mədəniyyət Turizm Nazirliyi BMT-nin İnkişaf Proqramı tərəfindən təsdiqlənmiş sertifikat veriləcək. Ən fəal tələbələr isə yay aylarında Türkiyə Ukraynaya təcrübəyə göndəriləcək.

Layihənin koordinatorunun sözlərinə görə, hotellər kadr üçün onlara müraciət edirlər: Əsas məqsədimiz turizm sənayesi üçün peşəkar kadr hazırlamaqdır. Mart ayından mehmanxana restoran əməkdaşları üçün treninqlər keçirməyi planlaşdırırıq. Artıq müraciət edənlər var. Bundan başqa, Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma kursları təşkil etməyi nəzərdə tuturuq. Layihənin müddəti iki ildir. Müddəti uzadılsa, digər sahələr üzrə belə təlimlər treninqlər təşkil edəcəyik. Bilirsiniz ki, ölkəmizdə bələdçi problemi mövcuddur. İstərdik, bu istiqamət üzrə təlimlərə başlayaq.

Səbinə Babayeva tələbələrin təlimlərdən çox razı qaldıqlarını deyir: Xüsusilə ingilis dilinin tədris edilməsi onları çox maraqlandırıb. Bəzən elə olur ki, dərsləri olmayan günlər bura gəlirlər. Daha çox məlumat, ixtisasları barədə bilgi almaq istəyirlər. Çünki onlar turizm sahəsində çalışacaqlar. Bu elə bir sahədir ki, orda ingilis dilini bilməyə hər zaman ehtiyac var.

 

Uşaqlar dərslərə böyük maraqla gəlirlər

 

Səbinə xanımla söhbətimizi bitirib kursların keçirildiyi otaqlara baş çəkdik.

Mərkəz 5 otaqdan ibarətdir. Səyahət agenti otağında bu sahə üzrə prinsipləri, müştərilərlə ünsiyyətin qurulması, bronlaşdırma, turların təşkili s. qaydalar öyrədilir. Aşpazlar üçün nəzərdə tutulan otaqda isə bu peşə üçün lazım olan bütün avadanlıqlar var. Üçüncü otaq barmen, ofisiant somalye peşəsi üzrə tədris üçün ayrılıb. Bu ixtisasda təhsil alanlara müştəriyə yüksək səviyyəli xidmət göstərmək, masanın hazırlanması, qabların düzülməsi s. barədə məlumat verilir. Mehmanxana xidmətçiləri üçün nəzərdə tutulan otaq hazırda peşə məktəbində qrup olmadığı üçün boşdur, Səbinə Babayeva deyir ki, burada mehmanxana əməkdaşları üçün kurslar keçiriləcək. Gələn ildən isə peşə məktəbində bu istiqamətdə qrup yığılacaq.

Mərkəzdə sonuncu otaq mühazirə otağıdır. Burada ingilis dili, konfliktologiya, etika, estetika, psixologiya, sanitariya, ünsiyyət fənləri tədris olunur.

Qeyd-qəbul ixtisası üzrə dərs keçən Seyran Qurbanov Xəzri istirahət sağlamlıq mərkəzində baş qeydiyyatçı işləyir. Onun qrupunda 20 nəfər var. Dediyinə görə, uşaqların bu ixtisasa həvəsi böyükdür: Təbii ki, onların hamısının diqqətini bu peşəyə yönəltmək mümkün deyil. Amma elələri var ki, dərslərə çox diqqətlə qulaq asırlar işin bütün detallarına qədər maraqlanırlar. Bu mənim müəllim kimi ilk fəaliyyətim olsa da, etiraf edim ki, onların bu marağı mənə sirayət edir. Çalışıram, uşaqlarla bildiklərimin hamısını bölüşüm. Onlara qonaqlarla necə davranmaq lazım olduğunu, müştəriləri maraqlandıran bütün suallara səbirlə cavab vermək s. kimi məsələləri başa salıram.

 

Hoteldə çalışan aşpazın da ölkəyə gələn qonaq sayına təsiri var

 

Konfliktologiya, etika, estetika, psixologiya üzrə dərs otağında söhbət-mühazirənin gedişini biz izlədik. Müəllim Əbülfəz Babazadənin danışdıqlarına tələbələr o qədər diqqətlə qulaq asırdılar ki, sanki bir kəlməni belə qaçıracaqlarından qorxurdular.

Əbülfəz Babazadə söhbətinin çox yaxşı alındığını deyir: Uşaqlar hətta boş vaxtlarında belə yaxınlaşıb nəyisə soruşurlar. Mən onları başa salıram ki, turizm sahəsi hazırda inkişaf mərhələsindədir. Təkcə diplom almaqla bitmir. Peşəkar olmaq lazımdır, işə münasibət dəyişməlidir. Biz işə yalnız qazanc üçün gəlməməliyik, işimizi sevməliyik. Aşpazın hazırladığı yeməyin dadı onu hansı həvəslə hazırlamasından asılıdır. Səhər hansı həvəslə işə başlasanız, əlinizdəki meyvə-tərəvəzin dadı da elə olacaq. Bu da istər-istəməz müştəriyə sirayət edir. Deməli, nəticədə ölkəmizə gələn qonaqların sayına hər hansı bir hoteldə çalışan aşpazın da təsiri var. Dərslərdə bütün bunlarla bağlı uşaqları məlumatlandırmağa çalışıram. Onlar yaxşı ixtisas sahibi olmaq üçün mütləq öz peşələrini sevməlidirlər.

Təlim kurslarında iştirak edən bir neçə tələbə ilə söhbətləşdik.

Aşpazlıq ixtisası üzrə təhsil alan Telman Tofiqoğlu deyir ki, kursların səviyyəsi onları qane edir. Onun sözlərinə görə, ixtisasını sevməkdə Əbülfəz müəllimin dedikləri ona çox kömək olur: 4-5 saat Əbülfəz müəllimin mühazirələrində otursaq da yorulmarıq. O bizim aşpazlıq sənəti haqqında təsəvvürlərimizi tamamilə dəyişdirib. Artıq biz bu işə sadəcə pul qazanmaq yeri kimi yox, həm sevgi ilə yanaşdığımız bir sənət kimi baxırıq.

İran İslam Respublikasının vətəndaşı olan Qaraş Maqsudlu isə dedi ki, bu kurslar başladıqdan sonra məktəbə gəlməyə həvəsləri daha da artıb: Burada eyni zamanda təcrübə keçirik, ingilis dilini öyrənirik. Məncə, təkcə nəzəriyyəni bilməklə normal ixtisas sahibi olmaq mümkün deyil. Mən bilgilərimi artırmaq, sənətimi daha da təkmilləşdirmək istəyirəm. Bu baxımdan da kurslar çox qaneedicidir.

Zülfiyyə Aslanzadə kursların təşkilinə görə Mədəniyyət Turizm Nazirliyinə, BMT-nin İnkişaf Proqramına təşəkkür etdi bildirdi ki, bu təlimlər sayəsində peşə məktəbindən hazırlıqlı bir aşpaz olaraq çıxacaqlar.

 

Mərkəzdə Avropa mətbəxi öyrədilir

 

Müşahidə etdiyimiz dərslərdən biri Türkiyədən dəvət edilmiş təcrübəli aşpaz Kamal Alcanın dərsi oldu. 37 illik təcrübəsi olan Kamal Alcan hazırda Türkiyənin özəl universitetlərindən birində müəllim kimi çalışır. O, uşaqlara Avropa mətbəxini öyrədir. Biz orda olanda onlar buşlon salatı toyuqlu penna hazırlayırdılar.

Kamal müəllim dinləyicilərə Avropa standartları üzrə bir nəfər üçün neçə qram ərzaqdan yemək hazırlanmasını izah edirdi. Onun sözlərinə görə, mətbəxdə hər kəsin öz vəzifəsi var: Yalnız belə bölgüsü ilə keyfiyyətli yeməklər hazırlamaq olar. Aşpazlıq qrupunda təhsil alan uşaqların əksəriyyəti bu sənətə həvəslidir. Onların istedadları var, çalışqandırlar, bilmədiklərini soruşurlar. Belə olduqda mən bildiklərimi daha həvəslə anladıram.

Bu ixtisas üzrə təhsil alan Vüsalə İsmayılova dedi ki, dünya mətbəxi çox maraqlıdır Kamal müəllimdən öyrəndiklərini evdə hazırlayır. Yeməklər ailə üzvlərinin çox xoşuna gəlir. Salman Abbaslı isə uşaqlıqdan yaxşı aşpaz olmağı arzulayıb. Deyir ki, kurslar təcrübə qazanmaqda onlara çox kömək edir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 9.