Başdan-başa tamaşa kişi

 

Sənətcə də, görkəmcə də görkəmli bir Obraz - Məmmədrza Şeyxzamanov...

 

Qırımından nur yağan sənətkar...

O, həyatda da eynən sənətdəki kimi seçilirdi. Hamı batallığında aydınca fərqlənirdi. Sənət leksikonumuzdakı baş rol, əsas qəhrəman kimi terminlərin tərəf-müqabilləriycə götürsək, onu baş ömürçülərdən, ali yaşamçılardan da saymaq mümkün...

Onun özünün də iştirakçısı olduğu filmlərdən birindəki (müasirlərçün xeyli ritorik səslənən) xitabla desək, - ekranlarımızı onsuz təsəvvür etmək olarmı?

O, ayrıca bir teatral sir-sifət olduğu kimi, əlahiddəcə bir mental şəxsiyyət idi. Oynadığı hər rolun əsərdəki (teatrdakı, kinodakı) tipi ilə həyatdakı prototipini vəhdətə salırdı. Əhməd haradadırdakı Şirin kişinin adını yaddaşlara, dadını damaqlara hopdura bilirdi. Bəxtiyardakı barışmaz, tələbkar professorluğu ilə yan-yörəsindəki beş-on tələbədən necə rəsmi-akademik seminar götürmələrinə rəğmən ekranın bu tərəfindəki milyonlarla tamaşaçıya çox xəlqi-emosional mühazirə oxuya bilirdi. Tütək səsində sinəsinə sıxdığı sazı ilə müharibə ağrı-acılarını, oğul itki-həsrətini necə Ruhaniləşdirirdisə, biri bədbinlik, digəri nikbinlik saçan gözü ilə küll-tamaşaçını eləcə ürfaniləşdirirdi...

Yuxarıda ayrıca teatral sir-sifət, əlahiddəcə mental şəxsiyyət sözlərilə oxunu atdığım fikrimin yayı: axı o, sənət-mədəniyyətcə Nizamili, Məhsətili, qeyrət-şəxsiyyətcə Cavad xanlı bir ünvanda doğulmuş, milli damarı ən çətin siyasi dönəmlərdə belə qırılmayan Gəncədə tərbiyə-təlim görmüş, heç nədə tələsməyən, ifrata varmayan bu şəhərdə məşhurlaşmış, 1954-cü ildə - otuz doqquz yaşında ikən Mədəniyyət Nazirliyinin xüsusi əmri ilə Bakıya gəlib, qırxında öyrənən məsəlindəki məlum perspektivi pozaraq, Azərbaycan teatrkino aləmi qarşısında (o dövrün dəb ifadəsilə desək) daha geniş üfüqlər açılmasında bənzərsiz rol oynamışdır.

 

O illər...

 

Özündə otuz doqquz bayram ehtiva edən o illər... qədər hadisələr, olaylar olub o illər... Məmmədrza ilə birbaşa bağlı olanından başlayaq: 1915-ci il. Üç ildən sonra bu şəhərdə, bir çox millisoy şəcərələr kimi, Şeyxzamanovlara da - böyük fəxarət hisslərilə bahəm, əzab-əziyyətlər bəxş edəcək milli Cümhuriyyət doğulacaqdı. Amma hələ bundan bir il əvvəl - iki yaşında ikən Məmmədrza atasını itirəcək, ailənin bütün yükü anası Böyükxanımın çiyinlərinə düşəcəkdi.

Qəddar bolşeviklərə qədər evdar qadın olan o ana inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə, evinə çörəkpulu qazanmağa başlayır. Cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizləmələr" Şeyxzamanovlar nəslinə əl gəzdirir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov yaxın qohumları repressiyaya məruz qalır, bu ailənin taleyinə kədərli izlər düşür, hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın problemlərlə üzləşirlər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənət yolunda da keçilməz baryerlər, çəkilməz sıxıntılar yaradır. Elə təkcə bunu demək kifayət ki, o, 30-40 yaşlarında haqq edib qazandığı Xalq artisti adına çox sonralar - 1974-cü ildə layiq görülür.

1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur, öz istedadı, tərbiyəsi, savadı, biliyilə fərqlənir. Aktyorluq sənətinə hədsiz maraq, sonsuz həvəs toxumları da elə məktəb illərində səpilmişdi. O, orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı rejissorunun təşəbbüsü ilə teatra dəvət edilən Məmmədrza ilk dəfə "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə atdığı ilk müvəffəqiyyətli addımı olur, aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) digər tamaşalarda yaddaqalan obrazlar yaradır.

1954-cü ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır.

Çağdaşları xatırladırlar ki, Məmmədrza Şeyxzamanov çox cazibədar nadir aktyor olub. Onun səslər içində seçilən səs-sədası, əsl səhnə kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu anındaca bilinirdi. "Mahnı dağlarda qaldı", "İblis", "Zamanın hökmü" digər tamaşalardakı tərəf-müqabilləri söyləyirlər ki, Məmmədrza Şeyxzamanov üçün keçilməz, aşkarlanmaz obraz yox idi. O, qəhrəman surətlərini , komik rolları da eyni məharətlə ifa edir, müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən bacarıqla gəlirdi. Bütün bunlar onun haqqında hərtərəflilik rəyi yaratmışdı. Vurğulayırlar ki, o, həyatda da təkrarolunmaz idi. Xaraktercə mətin, zəngin dünyagörüşünə malik bir şəxsiyyət! Hər kəs o çox mərd idi fikrini xüsusilə qabardır. Heç kimdən qorxmazdı deyirlər, - ürəyindən keçən sözü üzə deyər heç vaxt kimsənin arxasınca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu-məzəli zarafatlarından da qalmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi.

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. "Bəxtiyar" filmində Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığır açır. Sonralar "Qızmar günəş altında"da Alı kişi, "Leyli Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır.

1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərov Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi "Əhməd haradadır" musiqili komediya filmində Nəcibə Məlikova, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilər sırasında əsas rollardan birini məhz Məmmədrza Şeyxzamanovun timsalında görür.

Həmin filmdə epizodik, sonrakı ekran işlərində isə bir çox yaddaqalan surətlər yaratmış Əbdül Mahmudbəyov xatırlayır ki, əsasən Əhməd haradadırdan görüb tanış olduğu Məmmədrza Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti onu heyran etmişdi. O, maraqlı insan, əsl teatr kino xadimiydi. Elə yaradıcı sənətkarlardan idi ki, böyüklüyünə, peşəkarlığına müqabil heç bir iddiada bulunmazdı. Çox rahat adam, çox yaradıcı sənətkar idi, onunla çalışmaq asandı hamıya xoş təsir bağışlayırdı. Yaxınları, dostları, tanışları arasında belə bir ləqəbi vardı - "Yaxşı kişi".

...Bu dünyada hamının hörmət rəğbətinə gələn bu Yaxşı kişi 1984-cü ildə - 70 yaşında o dünyaya - Allah rəhmətinə getdi...

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 12.