Türk dünyası klassik musiqisinin şah əsərləri

 

TÜRKSOY-un təşəbbüsü ilə təşkil olunan konsertlərdə Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri də səslənir

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Qara dəniz bölgəsində türk dünyası bəstəkarlarının simfonik əsərlərindən ibarət konsertlər təşkil olunub.

Türk dünyası müasir klassik musiqisinin şah əsərləri adlı proqrama yanvarın 20-də Trabzon şəhərində start verilib. Yanvarın 21-də Ordu, 22-də Samsun şəhərlərində də təqdim olunan konsertlərdə azərbaycanlı solist Nigar Cəbiyeva və türkiyəli sənətçi Demet Gürhan Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə türk xalqlarının məşhur bəstəkarlarının operalarından ariyalar ifa ediblər. Konsertlərdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri də səsləndirilib.

Trabzon şəhərində Hamamizade İhsan bəy Mədəniyyət Mərkəzində gerçəkləşən konsertdən sonra çıxış edən TÜRKSOY-un baş katibi Düsen KaseinovTrabzon valisi Abdil Celil Öz bildiriblər ki, bu cür layihələr türk dünyası bəstəkarlarının irsini tanıtmaq baxımından çox mühümdür.

Təşkilatın Ankaradakı baş ofisindən bildiriblər ki, türk dünyası klassik musiqisini təbliğ edən konsertlər 24 yanvarda Ankarada, 25 yanvarda Əskişəhərdə, ayın 26-da isə Bursada təqdim olunacaq.

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 16.