Tarixin bir səhifəsi”

 

Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr olunmuş tədbir

 

"Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" ölkə Prezidentinin 22 noyabr 2013-cü il tarixli sərəncamında Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Artıq müvafiq təkliflər ümumiləşdirilərək tədbirlər planı tərtib edilib. Plana görkəmli şəxsiyyət və dövlət xadiminin yubileyi münasibətilə elmi konfransın, sərgi və dəyirmi masaların təşkili, Məhəmməd Əmin Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri və s. tədbirlər nəzərdə tutulub.

Yanvarın 28-də İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim, ədəbiyyatşünas, publisist Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunanTarixin bir səhifəsi” adlı tədbir-sərgi keçirildi.

Muzeyin ekspozisiyasında Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən kitablar, müxtəlif sənədlər, fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdu.

Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirildi. Mərasimi giriş sözü ilə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açaraq müsəlman Şərqində ilk respublika üsul-idarəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşını qoyanlardan biri Məhəmməd Əmin Rəsulzadənin kəşməkəşli həyat yolundan, çoxcəhətli fəaliyyətindən danışdı. Bildirildi ki, böyük şəxsiyyət ötən əsrin əvvəllərində Azərbaycan milli istiqlal hərəkatına rəhbərlik edib. OnunBir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova qeyd etdi ki, xalqımızın bu görkəmli siyasi xadimi haqqında hələ də yetərli məlumata malik deyilik: “Azərbaycan xalqında Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə böyük məhəbbət var. Biz onun haqqında daha səhih bilgilərə malik olmalıyıq. Çünki onun xalqımız qarşısında tarixi xidmətləri var”.

Tarixçi Ədalət Tahirzadə tədbirin təşkilinə görə İstiqlal Muzeyinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirdi. Alim şəxsi arxivindən Məhəmməd Əmin Rəsulzadəyə aid 30 ədəd fotoşəkli muzeyə bağışladığını dedi.

Bakı Dövlət Universitetinin dosenti, Cümhuriyyət tarixinin tədqiqatçısı, tarix elmləri namizədi Nəsiman Yaqublu çıxışında qeyd etdi ki, Məhəmməd Əmin Rəsulzadə ömrünün yarıdan çoxunu mühacirətdə keçirib. Onun Azərbaycan həqiqətləri uğrunda mübarizəsi 1920-ci ildə başa çatmayıb. Qafqaz xalqlarının istiqlaliyyəti uğrunda mübarizə aparıb, beynəlxalq təşkilatlarla əlaqələr qurub. Bir neçə xarici dil bilib, Avropa mətbuatında alman, fransız, polyak və digər dillərdə məqalələr dərc etdirib. Onun həyatı, yaradıcılığı və siyasi fəaliyyəti bir çox ölkələrdə, o cümlədən Polşada, Fransada, Almaniyada tarixçilər tərəfindən araşdırılır və öyrənilir.

Sonda M.Ə.Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Qeyd edək ki, sərgi fevralın 10-dək davam edəcək.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 2.