Azərbaycanla UNESCO arasında saziş imzalanıb

 

Sənəd gənc mütəxəssislərin UNESCO katibliyində təcrübə toplamasına imkan yaradacaq

 

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində yanvarın 24-də UNESCO-nun mənzil-qərargahında təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb.

Azərbaycanın UNESCO ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazir 2013-cü il iyulun 18-də ölkəmizlə bu qurum arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinin əhəmiyyətini qeyd edib.

İrina Bokova Azərbaycanın UNESCO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirib, ölkəmizin təşkilatın qlobal missiyasına dəstək verməsinin təqdirəlayiq hal olduğunu deyib. Baş direktor UNESCO ilə əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb.

Görüşdə Elmar Məmmədyarov və İrina Bokova Azərbaycan ilə UNESCO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalayıblar.

Saziş Azərbaycanın gənc mütəxəssislərinin UNESCO katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 2.