Ağdam teatrında premyera

 

Ağdam Dövlət Dram Teatrında Süleyman Ələsgərovun (libretto müəllifi Süleyman Rüstəm) Durna musiqili komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Teatrın baş rejissoru Kərim Həsənovun quruluş verdiyi səhnə əsərinin musiqi tərtibatçısı Azər Şükürov, rəssamı Elman Balakişiyevdir.

Vokal nümunələri ilə zəngin tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Suliddin Quliyev, Cəfər Bayramov, Elşən Cavadov, Xəyalə Xudadatova, Afaq Əliyeva və başqaları oynayıblar.

Tamaşadan sonra çıxış edən teatrın direktoru Fəxrəddin Hacıbəyli sənət ocağının yaşadılmasına göstərilən qayğıya görə kollektiv adından dövlət başçısına minnətdarlığını bildirib. 2011-ci ildən əsaslı təmir olunan Quzanlı mədəniyyət evində fəaliyyət göstərən teatr M.F.Axundzadənin Sərgüzəşti-vəziri-xani-Lənkəran, M.Füzulinin Yeddi cam, İsi Məlikzadənin Gəl, qohum olaq, Əli Əmirlinin Onun iki qabırğası, Əbdürrəhim bəy Haqverdiyevin Ac həriflər və başqa əsərlərlə tamaşaçıların görüşünə gəlib. Hazırda teatrda İlyas Əfəndiyevin Dəlilər və ağıllılar pyesi əsasında tamaşanın məşqləri gedir.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 4.