“Filmlərin eksklüziv təqdimatı bizdə gerçəkləşir”

 

Vüqar Zeynalov: “Məqsədimiz Nizami Kino Mərkəzinin vaxtilə formalaşdırdığı imici yenidən özünə qaytarmaqdır”

 

Nizami Kino Mərkəzi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən əsaslı yenidənqurma işlərindən sonra 27 dekabr 2011-ci il tarixdə qapılarını kinosevərlərin üzünə açıb. O vaxtadək “Nizami” kinoteatrı kimi tanınan məkana kino mərkəzi statusu verilib. Burada mütəmadi olaraq dünya kinosunun ən maraqlı ekran əsərləri ilə yanaşı, milli filmlərimizin təqdimatları, xarici ölkələrin kino günləri, kino ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu gün Nizami Kino Mərkəzi təkcə ölkəmizdə deyil, bütövlükdə Cənubi Qafqazda ən böyük kino nümayişi müəssisəsidir.

Mərkəzdə 50, 80 və 500 yerlik 3 zal, həmçinin 24 yerlik VİP zal var. Böyük zalda eni 18 metr olan ekran yerləşdirilib. Burada həmçinin konfrans zalı, restoran, kafe-klub xidmət göstərir.

Mərkəzin fəaliyyət istiqamətləri, gələcək planları və ekran repertuarına müəssisənin direktoru Vüqar Zeynalovla birgə nəzər saldıq.

Həmsöhbətim kino mərkəzinin özünəməxsus ənənələrinin olduğunu bildirdi. 1940-cı ildə fəaliyyətə başlayan mədəniyyət müəssisəsi paytaxt kinoteatrlar arasında flaqman məkan olub. 90-cı illərin əvvəlindən başlayaraq mədəniyyətin bir çox sahələri kimi, kino sahəsində də yaşanan tənəzzül mövcud kinoteatrların fəaliyyətində də özünü göstərdi. Uzun illər kinosevərlərin sevimli ünvanı olanNizami” kinoteatrının da əvvəlki şöhrətindən əsər-əlamət qalmamışdı. Artıq həmin çətin dövrlər arxada qalıb. Ölkə Prezidentinin göstərişi ilə özünəməxsus memarlığa malik bina əsaslı təmir olundu, ən müasir şəraitlə, lazımi avadanlıqlarla təchiz edildi: “Bu gün bu məkan yenə film kino həvəskarlarının sevimli ünvanıdır. Məqsədimiz odur ki, Nizami Kino Mərkəzinin vaxtilə formalaşdırdığı imici, əvvəlki missiyasını yenidən özünə qaytaraq”.

 

Tədbirlər, təqdimatlar

 

Vüqar Zeynalov 2012-ci ilin dekabrında kino mərkəzinə direktor təyin edilib. 2013-cü ilin onun üçün həm böyük sınaq, həm də məhsuldar bir il olduğunu deyir: “Öncə mərkəzin fəaliyyətilə bağlı təbliğat işlərinə başladıq. Çoxları elə bilirdi ki, burada yalnız dövlət tədbirləri keçirilir. Mərkəzi tanıtmaq üçün bizə bir neçə ay lazım oldu. Müasir informasiya texnologiyalarının geniş yayıldığı bir zamanda insanların diqqətini yenidən Nizami Kino Mərkəzinə cəlb etmək üçün səylə çalışdıq. Mədəniyyət və Turizm Nazirliyinin qayğı və dəstəyi sayəsində, düşünürəm ki, zəhmətimiz hədər getmədi, əsasən istəyimizə nail olduq.

İşgüzar komandamızın gərgin fəaliyyəti nəticəsində ötən il rəngarəng tədbirlər, film təqdimatları keçirdik. Bu sırada Azərbaycan və Türkiyə kinematoqrafçılarının Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında çəkdikləri “Mahmud və Məryəm” filminin qala-gecəsini xüsusi qeyd etmək istərdim. Bu təqdimat bizim üçün əlamətdar hadisə oldu. “Su və atəş” türk filminin təqdimatı da böyük səs-küylə keçdi”.

 

Xarici kino şirkətləri ilə əlaqələr

 

Hazırda Nizami Kino Mərkəzi bir sıra xarici kino şirkətləri ilə uğurlu əlaqələr qurub, Hollivud, Rusiya, Türkiyə və Avropa filmlərini sifariş verir. Müsahibimin sözlərinə görə, bu əməkdaşlıqda türk filmləri əsas yer tutur: “Bilirsiniz ki, Bakıda müasir türk filmləri nümayiş olunmurdu. İlk olaraq bizim mərkəzdə türk filmlərinə yer verildi. Biz çalışırıq ki, böyük reytinqi olan filmləri gətirək. Bu günə kimi nümayiş etdirdiyimiz filmlərə nəzər salsanız görərsiniz ki, onların hər biri daha çox tamaşaçı rəğbəti qazanan ekran əsərləridir. Məsələn, bu günlərdə nümayişi başlananDüyün dərnəyi” filminin 5 milyondan artıq izləyicisi olub. Repertuarımızı bu cür filmlərlə zənginləşdirməyə çalışırıq. Türk filmləri həvəskarlarının dəyişilməz ünvanı Nizami Kino Mərkəzidir”.

 

Rəqabət mühiti

 

Son dövrlər paytaxtımızda böyük ticarət və əyləncə mərkəzlərində də müasir standartlara cavab verən kinoteatrlar fəaliyyətə başlayıb. Bakıda fəaliyyət göstərən bütün kino mərkəzləri ilə gözəl münasibətlərinin olduğunu deyən həmsöhbətimiz eyni zamanda sağlam rəqabət apardıqlarını da vurğuladı: “Biz əməkdaşlığı elə qururuq ki, filmlərin eksklüziv təqdimatı bizdə baş tutsun, daha sonra digər kinoteatrlar bu filmləri nümayiş etdirsinlər. Hazırda buna nail olmuşuq. Bir ay bu eksklüzivliyi qoruyuruqsonra film digər kinoteatrlara verilir”.

 

Azərbaycan kinosu

 

Nizami Kino Mərkəzi Azərbaycan filmlərinin də mütəmadi olaraq nümayiş olunduğu məkandır. Bu il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq “Fəryad” filmi pulsuz nümayiş etdirilib. Hazırda mərkəzdə “Azərbaycanfilm”in istehsalı olan “Əlavə təsir” filmi kinosevərlərə təqdim edilir.

Qarşıdakı günlərdə Xalq artisti, rejissor Eldar Quliyevin ekranlaşdırdığı “Dərvişin qeydləri” filminin nümayişinə start veriləcək. Filmin təqdimatı üçün xüsusi hazırlıq görülürböyük reklam stendi də hazırlanacaq: “Biz istərdik ki, yerli filmlərin seansı çox olsun. Biletlərin qiyməti də münasibdir. Ödənişsiz nümayiş etdirdiyimiz filmlər də var ki, bunlar əsasən vətənpərvərlik mövzusunda olan ekran əsərləridir. Bununla məktəbli və tələbələrin kino mərkəzinə marağını artırmaq istəyirik”.

 

Əcnəbi filmlərin dublyajı və tərcüməsi

 

Vüqar Zeynalov filmlərin dublyaj və tərcüməsi məsələsinə də aydınlıq gətirdi. Onun bildirdiyinə görə, filmlərin tərcüməsi böyük maliyyə vəsaiti tələb edir və hələlik Nizami Kino Mərkəzinin imkanları xaricindədir. Digər tərəfdən, hər hansı bir filmin dublyajı üçün həmin filmlərin sahiblərinin icazəsi olmalıdır, bunun üçün xüsusi lisenziya lazımdır. Bu, mürəkkəb prosesdir. Yaxud filmlərin dublyajına o zaman nail olmaq olar ki, həmin filmlərə ölkədə geniş tamaşaçı auditoriyası, böyük bazar olsun. Hollivud filmlərinin rus dilində tərcüməsi ona görə baş tutur ki, Rusiyanın özü kino sənayesi və prokatında böyük bir bazardır və keçmiş sovet respublikaları da bu bazardan yararlanır.

Xarici filmlərin tərcümə edildiyi digər dil isə türk dilidir: “Çünki Türkiyənin də bu sahədə böyük potensialı var. Əgər biz gözləsək ki, filmləri özümüz dublyaj edib göstərək, onda film dünyada prokata çıxacaq və biz onu tərcümə edib ekrana çıxarana qədər artıq öz aktuallığını itirəcək. Eyni zamanda distributorlar da buna razılıq verməzlər. Biz onlarla bu istiqamətdə danışıqlar aparırıq və filmlərin tərcüməsinə hazırlıqlar gedir. Düşünürəm ki, bu məsələ də zamanla həllini tapacaq. Subtitr məsələsində də vəziyyət eynidir. Bütün hallarda bu işlə distributorlar məşğul olmalıdır. Necə ki, kinoteatrlara filmionlar verirlər. Buna görə də tərcümə zamanı onlar filmin subtitrlə verilməsindən daha çox dublyajına önəm verirlər. Altyazı (subtitr) maliyyə tərəfdən ucuz başa gəlsə də, öz effektini verməyəcək. Tamaşaçı gərək filmi tam olaraq görsüneşitsin ki, onda film haqqında normal təsəvvür yaransın”.

 

Layihələr, planlar

 

Nizami Kino Mərkəzi 2014-cü ildə bir çox yeniliklər vəd edir, qarşıda bir çox planlar var: “Bu il türk filmləri həftəsi keçirməyi düşünürük. Bir çox məşhur rejissor və aktyorları dəvət edəcəyik. Retro filmlər həftəsini də reallaşdırmaq fikrindəyik. Bu yöndə işlər hələ ötən ildən başlayıb və retro filmlər həftəsinə yerli Azərbaycan filmləri ilə başlamaq istəyirik. Bu filmlərin böyük ekranda nümayişi, inanıram ki, tamaşaçılara xüsusi zövq verəcək. Hər həftənin 5-ci günü bu layihəni həyata keçirəcəyik. Artıq 2-3 filmin rəqəmsal variantı hazırdır. Tamaşaçılarımızı milli kinoya yenidən qaytarmaq, onları korifey rejissorlarımızın və aktyorlarımızın filmlərinə böyük ekrandan baxmalarına şərait yaratmaq istəyirik. Layihə Fransa, İtaliya və Amerikanın retro filmləri ilə davam edəcək”.

 

Arzu və istəklər

 

Müsahibimiz sonda bir arzusunu da dilə gətirdi: “Kinosevərlər kinoteatrlara tez-tez getsinlər və mütləq yollarını Nizami Kino Mərkəzindən salsınlar. Ona görə ki, bu, hamımızın sevdiyi məkan olub. Burada nostalji hisslər var. Hər zaman deyirəm ki, mən uşaq olanda valideynlərimin əvəzinə özüm gəlib bu kinoteatrın kassasında növbəyə durmuşam. Növbəyə durduğum filmlərin adlarını bu günə qədər xatırlayıram. Bu səbəbdən də Nizami Kino Mərkəzi mənə çox doğmadır. Burada seanslardan qabaq orkestrin çıxışı da yadımdadır. İndi həmin xatirələrim canlanır və bir doğmalıq hiss edirəm. Məmnuniyyətlə istərdim ki, orta nəslin nümayəndələri yenidən buraya gəlsin, gənclər buranı tanısınlar. Bizdə hər cür şərait var. O illərin populyarNizami” kinoteatrı yaşayır və qapıları bütün kinosevərlərin üzünə açıqdır. Hamını Nizami Kino Mərkəzinə dəvət edirəm”.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 7.