“Bakıda çıxış etmək şərəfinə nail olduğuma görə xoşbəxtəm”

 

Yanvarın 25-də Heydər Əliyev Sarayında dünya şöhrətli italiyalı bəstəkar, dirijor, aranjimançı Ennio Morrikone geniş konsert proqramı ilə çıxış etdi. Konsertdən bir gün öncə “JW Marriott Absheron” hotelində mətbuat konfransı keçirən ünlü sənətkar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu ifadə etdi.

Yaradıcılığından qısa söz açan musiqiçi qeyd etdi ki, hər yeni konsert, film üçün yazılan bəstə onun üçün həm bayram, həm də gərgin deməkdir: “Bütün konsertlərim mənim üçün bayramdır, xoş, həyəcan dolu hisslər, eyni zamanda, narahatlıq və gərgin atmosferi deməkdir. Filmlərə musiqi bəstələyərkən də eyni hissləri yaşayıram. Filmin rejissoru ilə məsləhətləşirəm, ekran əsərinin janrını və digər vacib məsələləri dəqiqləşdirirəm. Təbii ki, hər bir bəstədə mənim öz yanaşmam, çatdırmaq istədiyim hisslər də yer alır”.

Bakıdakı konsertə toxunan dünya şöhrətli bəstəkar ümidvar olduğunu bildirdi ki, konsert zamanı tamaşaçıların sevgisini, məmnunluğunu hiss edəcək.

Qeyd edək ki, Ennio Morrikonenin Bakı konserti “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Fireland Vineyards” və “Nar Mobile” şirkətlərinin sponsorluğu ilə keçirilib.

“Buta” İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Fuad Hətəmov, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri, professor Fərəh Əliyeva, “Fireland Vineyards” şirkətinin direktoru Elmar Səidov, “Nar Mobile” şirkətinin baş direktoru Kent Maknili mətbuat konfransında çıxış edərək məşhur bəstəkarın Bakıda konsert proqramı ilə çıxış etməsini ölkəmizin mədəni həyatı üçün əlamətdar hadisə kimi qiymətləndirdilər. Qeyd olundu ki, bu hadisə ölkəmizin tanıtımı baxımından da önəmlidir.

Xatırladaq ki, “Oskar”, “Qızıl qlobus” mükafatlarının laureatı, Venesiya film festivalının qalibi Ennio Morrikone İtaliya, İspaniya, Fransa, Almaniya, RusiyaABŞ-da çəkilmiş 400-dən çox kinoseriala musiqi bəstələyib. Onlardan “Bir dəfə Amerikada”, “Professional”, “Yaxşı, pis və qəddar”, “Bir dəfə vəhşi Qərbdə”, “Malena”, “Dekameron”, “Lolita”, “Kill Bill” və digər filmlər dünya kinematoqrafiyasının şedevrlərinə çevrilib.

Heydər Əliyev Sarayında möhtəşəm konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Xor Kapellası da Ennio Morrikone ilə eyni səhnəni bölüşdü. Səhnəyə maestro ilə birlikdə 200-ə yaxın musiqiçi çıxmışdı.

Tamaşaçılar əfsanəvi maestro Ennio Morrikonenin sənətindən zövq aldılar.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 8.