Efirin peşəkarlıqla əlaqəli olmayan tərəfləri də var

 

“O vaxt peşəkarlıq ona görə var idi ki, heç kimə səhvini bağışlamırdılar, işinin öhdəsindən layiqincə gələ bilməyən insanların gözünün yaşına, dostluğa-tanışlığa baxmırdılar”

 

Öz sahəsində sayılıb-seçilən insanları qonaq etdiyimiz “Peşəkar” rubrikasında müsahibimiz tanınmış diktor, Xalq artisti Şərqiyyə Hüseynovadır. Bir zamanlar eyni teleproqramda çalışmağımıza rəğmən onunla söhbətimiz bir çox cəhətdən mənim üçün də maraqlı oldu. Bir daha qət etdim ki, hətta tanıdığımız insanların belə tanınmağa ehtiyacı olan yönləri, maraqlı həyat hekayətləri, sənətə peşəkar baxışları var. Həmsöhbətim öncə diktorluq peşəsinə gedən yolun kəşməkəşlərindən söz açdı:

- Ondan başlayaq ki, ümumiyyətlə, mən diktor olmaq, televiziya sahəsində çalışmaq istəməmişəm. Demək olar ki, tam təsadüf nəticəsində bu sənətə gəldim, ancaq zamanla bu həyatımın bir parçasına çevrildi. Mən indiki Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda oxuyarkən yeganə telekanalımız olan AzTV-yə müsabiqə yolu ilə əməkdaşların seçimi aparılırdı. Sadəcə maraqdan mən də sənədlərimi verib müsabiqəyə qatıldım. 300 nəfərə yaxın namizəd bir neçə yer uğrunda mübarizə aparırdı, kanalın ştat cədvəli də böyük deyildi. Mənim özümünümidim yox idi. Ancaq rus dilini səlis bilməyim, səsimin lentə düşməsi əlimdən tutdu. Bir neçə mərhələni arxada qoyduqdan sonra artıq məndə televiziyaya maraq yarandı. Onu da etiraf edim ki, həmin illərdə Azərbaycan dilində çox pis danışırdım. Səhv etmirəmsə, 3-cü turda televiziyanın o vaxtkı sədr müavini Nəbi Xəzri mənə demişdi ki, “sən hansı dildə danışırsan, danışdığın tatar dili deyil ki?!”. Rus dilini bildiyimi, səsimin televiziyaya uyğunluğunu nəzərə alıb məni təcrübəçi kimi işə qəbul etdilər. Rafiq Hüseynovdan, Roza Tağıyevadan çox şeylər öyrəndik, böyük məktəb keçdik.

- Hər şey bu qədər rəvan oldu?

- Əlbəttə ki, xeyr. Təcrübəçi dövrüm o qədər rəvan keçmədi. Gecə proqramı üçün növbətçi qaldığım günlərin birində heç istəmədiyim hadisə yaşandı. Radioda xalçalarla bağlı veriliş efirə getməli idi, həmin proqramın mətnini isə Rafiq Mustafayev oxuyurdu. Hansısa səbəbdən işə gələ bilməmişdi. Növbətçi olduğum üçün mətni mənim oxumağımı istədilər. Təbii ki, razılaşmadım, bilirdim ki, mətni bərbad edəcəyəm. O vaxt da indiki kimi səs yazısı yox idi, oxunan mətn birbaşa yayımlanırdı. Etirazlarıma baxmayaraq mətni mənə oxutdurdular, nəticədə gözləniləndən fərqli olmadı, böyük səs-küy qopdu. Nəbi Xəzri atamla dost olmağına, yaxşı münasibətlərinə baxmayaraq məni birbaşa işdən azad etdi, yalnız hörmət əlaməti olaraq öz ərizəmlə işdən ayrılmağıma şərait yaratdılar. Onu da deyim ki, o vaxt peşəkarlıq ona görə var idi ki, heç kimə səhvini bağışlamırdılar, işinin öhdəsindən layiqincə gələ bilməyən insanların gözünün yaşına, dostluğa-tanışlığa baxmırdılar. Düzdür, təcrübəçi olmağım, eyni zamanda, mətni oxumağa məcbur edilməyim bağışlanmağıma səbəb ola bilərdi, ancaq onu da etmədilər. İndi fikirləşirəm ki, yaxşı ki etmədilər. Amma mənə bildirildi ki, Azərbaycan dilini səlis öyrənsəm növbəti müsabiqəyə sonuncu mərhələdən qatıla bilərəm. Bu mənim üçün stimul oldu, hazırlaşdım, dilimi təkmilləşdirdim beləcə diktorluq fəaliyyətim başladı. O səbəbdən mən öz övladlarıma, nəvəmə, bütün gənclərə ilk növbədə ana dilini mükəmməl öyrənməyi məsləhət görürəm. Əcnəbi dili bilmək vacibdir, ancaq ana dilindən sonra.

- Bu gün aparıcılarımızın efir dili peşəkar diktor kimi sizi qane edirmi?

- Mən yəqin ki, xoşbəxt insanam ki, həm sovet dövrünün, həm müstəqillik illərinin jurnalistikasını gördüm, onlarla çiyin-çiyinə çalışdım, bu gün telekanalların birində fəaliyyətimi davam etdirirəm. İstedadlı, diksiyası yerində, dilimizin imkanlarına bələd aparıcılarımız var, ancaq onların sayı o qədər çox deyil, hər kanalda bir ya iki, ən yaxşı halda üç nəfərin adını çəkmək olar. Məncə, müstəqillik dövrü üçün bu, o qədər yaxşı göstərici hesab edilə bilməz. Bizim dövrümüzdə ən azı arqumentimiz var idi ki, Azərbaycan dili geniş istifadə edilmir. Bəzən hərflər düzgün tələffüz olunmur, sözlər yerli-yerində istifadə edilmir, bir çox hallarda isə səs efirə düşmür. Bunlar ümumilikdə müşahidə olunan çatışmazlıqlardır. Bundan əlavə, efirin peşəkarlıqla əlaqəli olmayan tərəfləri var. Bu da tamaşaçının münasibətidir, onun rəğbətini qazanmaqdır. Peşəkarlıq səviyyəsindən asılı olmayaraq, hər aparıcı özünə qarşı rəğbət oyada bilmir. Bəzən aparıcının özündən asılı olmur, məncə, bu, daxili aləmlə bağlı olan məsələdir. Ancaq yenə peşəkarlıq öncə gəlməlidir, daha sonra rəğbət qazanmaq üçün çalışmaq olar. Ancaq təəssüf ki, bəzən ikinci daha önə keçir, peşəkarlıq arxa planda qalır.

- Sizinlə çalışdığımız illərdə aparıcıların diksiyası üzərində işlədiyinizin şahidi olmuşam. Bu istiqamətdə fəaliyyətinizi davam etdirirsinizmi?

- Bəli, o vaxt kanalların birində Sabir Ələsgərovla aparıcıların diksiyası üzərində işləyirdik bizi telekanala bu məqsədlə dəvət etmişdilər. Ancaq bir müddətdən sonra efirə verilişlə çıxmaq təklif olundu. “Bu günün ekranılayihəsində (ANS kanalı - red.) verilişlər hazırlandı. Tanınmış diktor Sabir Ələsgərovla birgə təqdim etdiyimiz veriliş tamaşaçıda maraq oyadırdı, keçmiş tariximizdən bəhs etdiyi üçün nostalji hisslər yaradırdı. Ancaq aparıcıların diksiyası üzərində işimizi axsatmadıq. Mən bu gün bir başqa kanalda sırf bu işlə məşğulam. Artıq müsbət nəticələr var. Tamaşaçılar da inkişafı, fərqi hiss edir. Mən özüm işimlə əlaqədar daim həm yerli, həm xarici kanalları izləyirəm. Həqiqətən inkişaf hiss olunur.

- Bu gün Rusiya Qərb ölkələrinin kanallarında dövrünün məşhur, təcrübəli simalarını yenidən efirə cəlb edirlər, verilişlər hazırlayırlar. Məsələn, illərdir, ABŞ-da yayımlanan “Larry King” öz efir reytinqini bu günə kimi saxlayır. Belə layihələr bizim efir məkanı üçün lazım deyilmi?

- Çox vacib məqama toxundunuz. Rusiya kanallarını gənc yaşlarımdan izləyirəm, onların efir maneraları, danışıq tərzləri, efir mədəniyyəti məni valeh edir, eyni zamanda, baxdığım verilişlərə bir peşəkar diktor kimi yanaşmağa çalışıram. Bu gün əksər Rusiya kanallarında bizim dövrün məşhur aparıcıları maraqlı verilişlərlə efirə çıxırlar. Şəxsən mən onlara baxanda həmin illəri xatırlayıram, deməli, bu hissi hər bir tamaşaçı keçirir. Bundan əlavə, indi kanallar bu səpkili verilişlərə daha çox diqqət ayırmalıdırlar, çünki kanalların əsas tamaşaçı auditoriyası orta yaşlı nəsildir. Gənclər, belə demək olarsa, internetə köçüblər, maraq dairələri dəyişib. Televiziyada bir-iki veriliş onları maraqlandıra bilər ki, onu da vaxtları olanda yenə internetdən izləyirlər. Ancaq kanallar sanki israrla gəncləri hədəf alan verilişlər hazırlayırlar. Türkiyə kanallarında da, yəqin ki, müşahidə etmisiniz, bir çox proqramlar əsasən qadın auditoriyası üçün nəzərdə tutulur, ya seriallar, ya da qadın proqramları efirə verilir. Bu isə o deməkdir ki, onlar kanala kimin baxdığını müəyyənləşdiriblər. Bizdə bunlar olmalıdır. Hazırda çalışdığım kanalda nostalji tipli veriliş açmaq təklif olunub. Onun üzərində işləyirik. İnşallah, maraqlı bir verilişlə tamaşaçıların qonağı olarıq.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 12.