Gəncliyin səsi festivalı davam edir

 

   Gənc rəssamların əsərlərindən ibarət sərgi

 

2 fevral - Gənclər Günü münasibətilə Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi Gəncliyin səsi incəsənət festivalı davam edir. Yanvarın 30-da LN İncəsənət Mərkəzində gənc rəssamların əsərlərindən ibarət ÜFÜQ adlı sərgi keçirildi.

Tədbiri Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov açaraq sərgi barədə məlumat verdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi yaradıcı gənclərin, o cümlədən gənc rəssamların yaradıcılığına hər zaman böyük diqqət ayırır: Biz də tədbirlərimizdə çalışırıq ki, onların yaradıcılığını, sənət axtarışlarını geniş ictimaiyyətə çatdıraq. Ötən il Dövlət Rəsm Qalereyası tərəfindən bir neçə sərgi təşkil edilib. Dünyanın heç bir yerində gənc rəssamlara bizim ölkədə olduğu qədər diqqət yetirilmir desək, yanılmarıq. Bu dəstəyin nəticəsində gənc rəssamlarımızın əl işləri dünyanın sərgi salonlarında, beynəlxalq festivallarda nümayiş olunur. Gənclərimizi qarşıdan gələn bayram münasibətilə təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram.

Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun məsləhətçisi Sənan Əhmədov sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, nazirliyin Gənclər Günü münasibətilə təşkil etdiyi festival çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub. Yanvarın 31-də Dövlət Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Filarmoniyasının foyesində gənc rəssamların sərgisi keçiriləcək. Həmçinin Dövlət Filarmoniyasında gənc ifaçıların konserti olacaq: Bütün bu tədbirlər gənclərimizin tanınmasına, onların yaradıcılığına stimul yaratmağa xidmət edir.

Sonra sərgiyə baxış oldu. Gənc rəssamlar Arif Əmirov, Aysel Əmirova, Sofiya Mirbabayeva, Elçin Məmmədov, Fərid Mirzəyev, Nataliya Verxova, Roza Əliyeva, Həlimə Əsgərova, Məhsəti İbrahimova və digərlərinin əsərləri maraqla qarşılandı.

Qeyd edək ki, Gəncliyin səsi festivalının tədbirləri fevralın 7-dək davam edəcək.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 2.