Bir kərə yüksələn bayraq bir daha enməz!

 

   Yanvarın 30-da Nəriman Nərimanovun xatirə muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ədəbiyyatşünas, publisist Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar Bir kərə yüksələn bayraq bir daha enməz! adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Mehriban Qurbanova açaraq Məhəmməd Əmin Rəsulzadənin kəşməkəşli həyat yolundan və çoxcəhətli fəaliyyətindən danışdı.

Dövlət İdarəçilik Akademiyası tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Məhəmməd Əmin Rəsulzadənin siyasi arenaya gəlişi haqqında məlumat verdi. Bildirildi ki, Rəsulzadə Şimali Azərbaycanla yanaşı, Cənubi Azərbaycanda da milli-azadlıq hərəkatının mübariz öncüllərindən olub. 1908-ci ilin sonunda o, çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə əlaqədar olaraq İrana gedir. Təbrizdə xalq hərəkatının rəhbəri Səttarxan və onun silahdaşları ilə görüşür. Avropa təhsili görmüş bir qrup ziyalı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasının əsasını qoyur. Tehranda fars dilində Tənqidi-firqeyi-etidaliyyun adlı kitabını çap etdirir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca Səadəti-bəşər adlı kitabı nəşr olunub.

1918-ci ilin 28 mayında Şimali Azərbaycanın istiqlaliyyətə qovuşması Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının tariximizə yazdıqları şərəfli səhifədir. Rəsulzadənin sədrliyi ilə yaranan Azərbaycan Milli Şurası milli dövlətimizin - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını dünyaya elan etdi. Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyət hökuməti təşkil olundu. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırıb.

Tiflisdə elan olunan Xalq Cümhuriyyətinin hökuməti iyunda Gəncəyə köçdü. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyib: Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir...

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müəllimi, tarix elmləri doktoru, professor Musa Quliyev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov, yazıçı-publisist Teyyub Qurban və başqa çıxış edənlər Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən və ədəbi yaradıcılığından geniş söz açdılar.

Sonda İ.Əbilov adına Mədəniyyət mərkəzinin Vurğun poeziya teatrının üzvü, beynəlxalq müsabiqələr laureatı Türkan Məmmədova Cabir Novruzun Sevin Azərbaycanı şeirini səsləndirdi, L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbinin 5-ci sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Ayxan Xəlili Alagöz, Qəşəngdir mahnılarını ifa etdi.
   
   Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 3.