Mədəniyyət ocaqlarında yubiley tədbirləri

 

   Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə də silsilə tədbirlər təşkil olunur.

Yanvarın 29-da İ.Əbilov adına Mədəniyyət mərkəzində tədbir keçirildi. Mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov tədbiri açaraq Azərbaycan istiqlal tarixində əvəzsiz yeri olan M.Ə.Rəsulzadənin siyasi fəaliyyətindən, həyatının maraqlı məqamlarından söz açdı.

Mədəniyyət mərkəzinin Şəlalə xalq çalğı alətləri ansamblı, Oğuzlar xalq ansamblı, Vurğun poeziya teatrının üzvləri rəngarəng musiqi nömrələri ilə çıxış etdilər. Tədbirdə müharibə və əmək veteranları, 18, 53,172 saylı orta məktəblərinin şagirdləri iştirak edirdi.

Yanvarın 27-də Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında da Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş Azadlıq carçısı mövzusunda tədbir keçirilib. Tədbirdə paytaxtın 70 nömrəli məktəbinin şagirdlərinin ifasında şeir kompozisiyası təqdim olunub.

Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında da Rəsulzadənin yubileyi ilə bağlı mərasim olub. Tədbirdə məruzələr dinlənilib, elektron nəşrlərin icmalı keçirilib. Məhəmməd Əmin Rəsulzadə və istiqlal ideyaları mövzusunda kitab sərgisi nümayiş olunub.

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 3.