Mədəniyyət ocaqlarının inkişafı bölgələrə turist axınını da gücləndirəcək

 

Göyçayda Mədəniyyət və Turizm Nazirliyinin zona müşavirəsi keçirilib

 

Xəbər verdiyimiz kimi, yanvarın 28-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə nazirliyin zona müşavirəsi keçirilib.

Müşavirədə nazirliyin məsul işçiləri, Yevlax şəhər, Göyçay, Ucar, Kürdəmir, Daşkəsən, Samux və Göygöl rayon mədəniyyət və turizm şöbələrinin müdirləri, Heydər Əliyev muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin, mərkəzləşdirilmiş kitabxana sistemlərinin, uşaq musiqi və incəsənət məktəblərinin, rəsm qalereyalarının direktorları iştirak edirdilər.

Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramları çərçivəsində ayrı-ayrı rayonlar üzrə görülən işlərdən geniş bəhs etdi. Əldə olunan uğurlar, mövcud nöqsanlar, qarşıda duran vəzifələrdən və tətbiq ediləcək yeniliklərdən söz açıldı.

Regionlarda fəaliyyət göstərən mədəniyyət və turizm obyektlərində ixtisaslı kadrların azlığı məsələsinə toxunun nazir gənc mütəxəssislərin irəli çəkilməsinin vacibliyini vurğuladı: Hər bir müəssisə sahibi gələcəkdə onun yerini tuta biləcək kadr hazırlamalıdır. Rayon gənclərinin hansı sahədə təhsil aldığını siz daha yaxşı bilirsiniz. Bu sahəyə marağı olan gənclərlə əlaqə yaradın, bizə məlumat verin. Bakıda onlar üçün kurslar təşkil edək. Sonra onlar qayıdıb öz rayonlarında layiqincə xidmət göstərsinlər.

Əbülfəs Qarayev həmçinin bildirdi ki, növbəti illərdə Təhsil Nazirliyi ilə birgə peşəkar kadrların hazırlanması sahəsində bir sıra tədbirlər həyata keçiriləcək.

 

Maddi-texniki baza gücləndiriləcək

 

Nazir bölgə kitabxanalarının, uşaq musiqi məktəblərinin, tarix-diyarşünaslıq muzeylərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlardan da danışdı. Bildirdi ki, normal şəraiti olmayan binalarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində mövcud problemlər aradan qaldırılacaq, maddi-texniki baza gücləndiriləcək: Bizə edilən müraciətlərdə musiqi məktəblərində dərs zamanı audiovideo materiallardan istifadəyə şərait yaradılması təklifini çox müsbət qiymətləndirirəm. Bunun üçün çox böyük maddi vəsait də tələb olunmur. Bu məqsədlə disklər hazırlanacaq və bu, şagirdlərə Azərbaycan bəstəkarlarının musiqi əsərlərini vizual olaraq daha yaxşı qavrayaraq öyrənmələrinə kömək edəcək.

Qeyd olundu ki, ölkə Prezidentinin tapşırığına əsasən bölgələrdə sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir. Bu görüşlər mövcud problemlərin həlli ilə yanaşı, mədəniyyət müəssisələrində işin keyfiyyətinin artırılmasına da təkan verir. Regionlarda mədəniyyət və turizmin inkişafı həm bölgələrə turist axınını gücləndirəcək, həm də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaradır.

Əbülfəs Qarayev dövlət başçısının mədəniyyət və turizm sahəsi ilə bağlı imzaladığı konkret sərəncamların yerlərdə icrasının vəziyyəti ilə maraqlandı, müvafiq tapşırıqlar verdi.

 

Şəraitlə tanışlıq

 

Nazir Göyçaya səfəri zamanı rayonda yerləşən bir sıra mədəniyyət və turizm obyektlərinə də baş çəkdi, onların fəaliyyəti və iş şəraiti ilə tanış oldu.

Əvvəlcə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə gələn Əbülfəs Qarayev kitab fondu və oxu zalına baxdı, oxucu aktivliyi ilə maraqlandı. Məlumat verildi ki, oxu zalında normal şərait yaradılıb, sürətli internet mövcuddur. Kitabxananın istilik sistemi ilə bağlı problemlərin aradan qaldırılması üçün tapşırıq verildi.

Göyçay Tarix-Diyarşünaslıq Muzeyində nazirə eksponatlar barədə məlumat verildi. Qeyd olundu ki, 30 ildir fəaliyyət göstərən muzeydə rayonun ən qədim tarixindən müasir dövrə qədər olan maddi-mədəniyyət nümunələri toplanıb. Muzey əməkdaşlarının fəaliyyəti ilə maraqlanan Əbülfəs Qarayev müvafiq tapşırıq tövsiyələrini verdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 6.