Vətənə tən Vətəndaş

 

 İlk Cümhuriyyət növrağımızın, bir daha enməyəsi bayrağımızın banisi - Məhəmməd Əmin Rəsulzadə 

 

Böyük milli siyasətin özü də bir yaradıcılıq. Dahi siyasətçiliyin özübir sənətkarlıq. İntəhası bu görəv, bu görəvlilər aborigen sənət və sənətkarlıqdan elə sənət və siyasət sahələri qədər fərqlənir. Bunlar evlərdə, emalatxanalarda, meydançalarda yox, çöl-bayırlarda, meydanlarda, yolüsü-atüstü çək-çevirlərdə, könüllü-könülsüz səfər-sərnişinliklərdə, qadalı-qandallı həbslərdə, sür-sürgünlüklərdə, ailə-uşaq həsrətlərində, hətərən-pətərən dindirməliklər, tərki-vətənliklərdə və... bütün bunların ən ağırı, ən alisi - milli arzu-amalım baş tutacaqmı? istixarələrində yaşayıb-yaradırlar. 

Yüz otuz il əvvəl bu gün - yanvarın 31-də balaca Novxanı kəndində göz açıb, əlli doqquz il bundan öncə Ankarada üç kərə Azərbaycan!..-deyibən dünyaya göz yummuş Məhəmməd Əmin Rəsulzadə - təpədən-dırnağa milli-mənəvi əsilzadə, əzəli-əbədizadə - yuxarıda ümumobrazlaşdırmağa çalışdığım fenomenal şəxsiyyətlərdəndir. Amma onu dünyanın siyasət və dövlətçilik azmanları içərisində seçkinləşdirən bir-iki ştrix də vardır ki, bunlardan biri - bu işə daha erkən (12-13 yaşlarından) başlayan Şah İsmayıl Xətai istisna edilməklə, qarşıdakı əlli üç illik eniş-yoxuşlu milli mübarizə yoluna 18 yaşının natamamında qədəm qoymasıdır. Onun 1902-ci ildə yaratdığı Müsəlman gənclik təşkilatı XX əsr Azərbaycanında Rusiya müstəmləkə üsul-idarəsinə qarşı mübarizə mahiyyətli ilk siyasi təşkilat olub.

Onun - böyük Turan və müsəlman arealında qurduğu ilk müstəqil-demokratik respublika əhalisinin ictimai-siyasi həbib-təbibinin, milli-mənəvi həkiminin -  

 

  Siyasi kimliyi

 

Hər kəsin cinsi-bioloji ilk məhəbbətə uğram yaşında, təbii sevib-sevilmə mövsümü çağında Azad Vətən Bəyliyini seçən bu milli Aşiq ilk gənclik yaşlarından öz ictimai-siyasi təfəkkürü ilə nəinki astagəl milli-istiqlal inqilabçılarını, hələ üç-dörd il sonra nəşrə başlayası Molla Nəsrəddin jurnalı səhifələrindəki gərnəşkən kütlələri, hətta ən xod gedən sosializm revolyutsionerlərini də aktivləşdirir, onların - mürtəceliyi çarizmdən də ötə olduğu iki-üç onillik sonra bilinəsi sovetizm-sosializm eşelonuna transfer olunmasına siyasi provadniklik edirdi. Məsələn, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı komitəsinin Müsəlman sosial-demokrat Hümmət təşkilatı Məhəmməd Əminin 1904-cü ildə hüquq-nizamnaməvi cəhətdən çox mükəmməl şəkildə tərtib və təşkil etdiyi Müsəlman demokratik Müsavat cəmiyyətindən yararlanaraq yaradılmışdı. Həmin illərdə Bakının fəhlə-inqilab bumlu neft mədənlərinə, Azərbaycanın yaxın-uzaq qəzalarına müxtəlif intibahnamə və qəzetlərin (naşirlərindən biri olduğu Hümmət, Təkamül də daxil) göndərilməsi də Məhəmməd Əminlik işlərdən idi. Onun 23 yaşında ikən (1907) inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfni ilə əlaqədar keçirilən izdihamlı mərasimdə etdiyi alovlu nitqi isə (sonradan onu həbsxanadan azad etdirib özüylə Moskvaya aparsa da, ömürlük mühacirət dustaqlığına məhkum etmiş) Stalini də məftun (öz nitqi ilə müqayisədə isə məhzun) etmişdi. O, bu canlı mürtəce, bənzərsiz şər-xata ilə tanışlıqdan bir müddət sonra - 1908-ci ildə çar xəfiyyəsi tərəfindən həbs olunma təhlükəsilə üzləşərkən Azərbaycanı tərk edib İrana yollanır və orada o taylı əxlaq-əqidə, məslək-məzhəb qardaşı ilə - Səttarxanla tanış olur

Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzib, otaylı doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə (və sonralar bunlardan ədəbi yaradıcılığında istifadə) edən M.Ə.Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (S.H.Tağızadə, H.Nəvvab, S.Mirzə, S.M.Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasının əsasını qoyur, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur, həmin qəzetlərdə saysız məqalələr, şeir və publisistik yazılar verir. Sonralar Seyid Həsən Tağızadə onun xatirəsinə həsr etdiyi nekroloqda yazacaqdı: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur". 

İrandakı Məşrutədən qorxuya düşən çar hökuməti bu inqilabın rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını Şah hökumətindən tələb edir və Məhəmməd Əmin təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin mayında İstanbula gedir. Osmanlı paytaxtında məşhur həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə görüşür, Yusif bəy Akçura, Ziya Göyalpbaşqa görkəmli alimlərlə siyasi-irfani əlaqələr qurur, "Gənc türklər" təşkilatında, "Türk ocağı" cəmiyyətində çalışır, "Türk yurdu" jurnalının fəal yazarlarından biri olur. İstanbulda öz təklif və göstərişilə keçmiş Hümmətçilər (T.Nağıyev və A.Kazımzadə) tərəfindən əsası qoyulan (1911) "Müsəlman demokratik Müsavat partiyasına daxil olur və tezliklə bu siyasi təşkilata rəhbər seçilir. Bu illərdə çox gərgin, sanballı və çox geniş ədəbi-publisistik fəaliyyətlə də məşğul olan M.Ə.Rəsulzadə lap sonda o dövr qəzetlərində dərc olunan çar fərmanı ilə həsrət dolu 5 illik məcburi mühacirətdən qurtulur. Onun doğma Vətənə qayıdışıyla nəticələnən o fərmandakı ifadələrin məğzi üçcə hərfdən ibarət bir sözdə idi: -

 Əfv
   
   Bəli, 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Rəsulzadə Bakıya qayıdır. 1917-ci ildə fevral burjua inqilabı baş verir. Həmin ilin martında Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "Açıq söz" qəzeti yazırdı:

Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hürriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağı, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik.

...Vətən bu gündə, vətəndaş M.Ə.Rəsulzadə isə Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxarmağı təklif etmədə. Qurultayda həmçinin Azərbaycan qayəsi məsələsi ortalığa atılır. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açılır və Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" təklifi səs çoxluğu ilə qəbul edilir.
   Bu dövrdə Rəsulzadə özünün "Cəmaət idarəsi", "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirir, Moskva müsəlman qurultayındakı məruzəsi (Ə.Salikovun çıxışı ilə birlikdə) "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunur. Həmin ilin oktyabrında keçirilən qurultayda Rəsulzadə Müsavatın sədri seçilir. Bundan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlanır və həmin dövr tarixə Milli Azərbaycan hərəkatı kimi daxil olur.

Onun fəaliyyət aləminin hədsiz genişliyi bizim qəzet səhifəsinin hədd-hüdudu (və müasir oxucu hövsələsi) ilə qeyri-mütənasib olduğundan birnəfəsə danışmaq ifadəsindəki məsdəri yazmaqla əvəzləməli: O, 1917-ci ilin payızında Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir, 1918-in mayında daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunan Zaqafqaziya seyminin müsəlman fraksiyasındakı müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yaranır, Rəsulzadə sədr seçilir... və 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyəti elan olunur! 

 

Ədəbiyyat, mədəniyyət fəaliyyəti

 

Onun ədəbi-bədii yaradıcılığı, pyesləri, alovlu publisistikası nə danışmaqla başa gələsidir, nə yazmaqla. Yaxşı olardı daha qısa nüanslara toxunaq. Bakı Dövlət Universitetinin yaranması Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində ilk ali təhsil ocağımızın M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi sayəsində yaradıldığını yazır.

...O isə orda-burda onu burjua xadimi kimi damğalamağa çalışanlara cavab olaraq yazırdı: "Mən kasıbçılıq üzündən ali təhsil də ala bilməmişəmsə, öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb, bu gün özünü sədaqətli bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar?!."

 Təbrizdə dünyaya gəlsə də, əslən ordubadlı - M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri, sonralar İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə isə "Sühən" jurnalında onu belə adlandırırdı:

Rəsulzadə, bütün ömrü boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübağıləsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözü, mətanəti, tam mənasıyla dürüst, fikiryoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyil.

 

 ...Və son (?)

 

Onun gördüyü ümummilli işlərin, saçdığı transmilli düşüncələrin, yazdığı ictimai çəkili, siyasi siqlətli, elmi-populyar, informativ-publisistik məqalələrin, ədəbi-bədii əsərlərin, rəsmi dövlət tribunaları və xəlqi yığıncaqlarda etdiyi çıxışların, həbsxanada keçirdiyi, məxfi sərnişinliklərdə sinirdiyi, dövri-fövri mühacirətliklərdə, leqal və qeyri-leqal dissidentliklərdə yaşadığı hisslərin oçerk-pannosu nəinki bu səhifəyə, heç redaktoru olduğu neçə-neçə qəzet-jurnal səhifələrinə də sığmaz deyə, sonda qəlbimdə - vətənsevərliyimizin ümumabidəsi sanılası bəlli bir bayatımızda dual-suallı bir rekonstruksiya ehtiyacı boy atı:

 

Sevməyə doğma Vətən,

Ölməyə qürbət yaxşı?..

 

 Tahir Abbaslı

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 10.