Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən...

 

   Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Söz sənəti xiridarlarından Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqalarının poema və qəzəllərində müxtəlif çalğı alətlərinin adları çəkilir. Orta əsrlərdə yaşayıb-yaradan bir çox rəssamlarımızın miniatür əsərlərində də bu mövzuya yer verilib.

Mənbələrdə göstərilir ki, tənbur Uzaq Şərqdən Qərbədək böyük bir coğrafi ərazidə müxtəlif forma və adlarla yayılıb. Bu musiqi alətindən Orta Asiya türk xalqları geniş istifadə edib. Qazaxlarda dombra, qırğızlarda dombura, özbəklərdə dombrak, türkmənlərdə danbura, Türkiyədə isə tanbura kimi tanınıb. Hətta bir çox Qərb xalqları arasında domra, Azərbaycanda isə tarixən tənbur adı ilə məşhur olub.

Yaxın Şərqdə arxeoloji qazıntılar zamanı XI əsrə aid üzərində iki simli tənbur çalan varsağın təsviri olan bir çini boşqab tapılıb. XII-XIII əsrlərə aid bir çox saxsı qabların da üzərində tənbur təsvirinə rast gəlinib. Bir çox musiqişünaslar dütar, setar, çahartar, qopuzonlara bənzər simli musiqi alətlərini tənburun növləri hesab ediblər. Məhəmməd Füzuli setarla tənbur arasında fərq görməyib. Şair Yeddi cam poemasının Setar ilə söhbət hissəsində bu musiqi alətindən bəhs edib. Əsərin sonunda isə mütrübdən alətlərin sirrini öyrənərkən, həmin aləti tənbur kimi təsvir edib:

 

Rəğbət elə tənburə, müğənni, gəl ürəkdən, 

Rəğbət açarilə ona da bir qapı aç sən. 

Aç bir qapı ki, izhar olub nəşələr ondan, 

Qəlblər gülərək daim olar gül kimi xəndan...

 

 Azərbaycanın görkəmli musiqişünası Səfiəddin Urməvi (XIII) Kitabi-əl-ədvar əsərində ikisimli alət olan Xorasan və Bağdad tənburları haqqında geniş məlumat verib. 

Ölkəmizdə bu alət orta əsrlərdə geniş yayılıb. Quruluşunun müxtəlifliyinə görə Şirvan tənburu adı ilə məşhur olub. XIV-XV əsrin məşhur Azərbaycan musiqişünası Əbdülqadir Marağayi Məqasidül əl-əlhan əsərində bir sıra musiqi alətləri ilə yanaşı, Şirvan tənburu haqqında yazır: Şirvan tənburu o sazdır ki, təbrizlilər ondan çox istifadə edir. Onun quruluşu armud şəklində olur. Səthi uzundur. Ona iki tək sim bağlanır. Qollarında pərdələri var. Elə köklənir ki, aşağı simində çalınan nəğmə yuxarı simində çalınan nəğmənin 8-9-na bərabər olur. Segah çalmaq istədikdə şəhadət barmağı ilə aşağı simi, başqa barmaq ilə də yuxarı simi tutursan. Beləliklə, Segah iki ahəngdə çalınır. 

Tənbur əsasən baş orta barmaqla ifa olunur. Gövdəsi tut və ərik, üzü şam, qolu isə qoz ağacından hazırlanır. 

Araşdırmalarda göstərilir ki, türk tənburu Şirvan tənburundan çanağının və səthinin kiçikliyi ilə fərqlənib. 1530-cu ildə ustad Soltan Məhəmmədin çəkdiyi Zöhhakın edamı rəsmində yerdə oturub ikitelli, qısaqollu Şirvan tənburu çalan musiqiçinin təsviri verilib. Rəssam Mirzə Əli 1556-cı ildə çəkdiyi Ozan-aşıq miniatüründə də bu aləti təsvir edib

Tənbur orta əsrlərdə saray məclislərində də özünə geniş yer tapıb. Bir sıra miniatürlərdə cənnətdəki qanadlı huri-mələklər tənbur ifa edərkən təsvir olunub. Nizami Gəncəvinin Sirlər xəzinəsi əsərinə çəkilən rəsmlərdə cənnətdəki huri-mələklər padşahı Bilqeyisin taxtı tənbur çalan mələklərlə əhatə olunub.

Onu da deyək ki, XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda tənbur ifaçılıq sənəti tədricən populyarlığını itirməyə başlayıb. Lakin Şimali Qafqazda, Dağıstanda tənburun başqa növləri hələ də yaşamaqdadır. Müasir tənbur armudvarı olub kiçik çanaqdanuzun qoldan ibarətdir. Bu qola 16 pərdə bağlanır. Simlərin sayı beşdən çox olmur. Ənənəvi olaraq başorta barmaqla çalınır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 13.