Uşaq ədəbiyyatının tanınmış tədqiqatçısı

 

Ədəbiyyatşünas-tərcüməçi Füzuli Əsgərlinin 70 yaşı münasibətilə

 

Uşaq ədəbiyyatı kiçikyaşlı oxucuların qəlbində nəcib hisslər oyadan, onların arzu və istəklərinə qanad verən, şəxsiyyət kimi formalaşdıran zəruri bir sahədir. Bu ədəbiyyat özündə güclü ideya-estetik və mənəvi tərbiyə yükü daşıyır. Ona görə də uşaq ədəbiyyatı ilə məşğul olanların hamısının çöhrəsində uşaqların məsumluğunu, mənəvi saflığını xatırladan qəribə bir ifadə olur.

 

Haqqında söhbət açacağımız ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru Füzuli Əsgərli də bədii nümunələrdəki uşaq obrazlarının psixologiyasını dərindən bilən qələm sahiblərimizdəndir. Bugünlərdə istedadlı alim, bədii tərcümə nəzəriyyəçisi və tərcüməçinin 70 yaşı tamam olub.

Füzuli Əsgərli əsl sənət vurğunu, elm fədaisi, söz sərrafı, ədəbiyyatın ağırlığını və yüngüllüyünü qızıl tərəzisində çəkən çox tələbkar bir alimdir. O, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində bir sıra qiymətli monoqrafiyaların, elmi məqalələr toplusunun müəllifidir. Uzun illər bədii tərcümənin nəzəri problemləri ilə məşğul olmuş, bir sıra dünya xalqlarının (Litva, eston, rus, qazax, türkmən, gürcüs.) bədii nümunələrini Azərbaycan dilinə səlis ifadələrlə tərcümə etmişdir.

Həmçinin Füzuli müəllim öz fundamental əsərlərində xalqımızın mədəniyyətinə, tanınmış ədəbiyyatşünasların elmi əsərlərinə, şair və yazıçılarımızın əsərlərinə öz obyektiv və qərəzsiz münasibətini bildirmişdir.

Onun irihəcmli “Sənətkarın uşaq dünyası”, “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”, “Ömrün sözü, sözün ömrü”, “Bədii təhlil və ədəbi tənqid”, “Bədii tərcümə prinsipləri”, “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları”, “Sehrli dünyanın memarı” monoqrafiyaları, “Ədəbi düşüncələr”, “Problemlər, düşüncələr” məqalələr toplusu, aliorta ixtisas məktəbləri üçün yazdığı “Uşaq ədəbiyyatı” dərsliyi, “Azərbaycan uşaq ədəbiyyatı” və “Dünya uşaq ədəbiyyatı” dərs vəsaitləri həm tələbələr, həm də ədəbiyyat sahəsində çalışan mütəxəssislər, ədəbiyyatla yaxından maraqlananlar üçün asan anlaşılan səlis dillə yazılmış qiymətli əsərlərdir.

Hər bir xalqın öz mədəniyyəti, öz ədəbiyyatı vardır. Amma milli ədəbiyyatı ayrıca, dünya ədəbiyyatından təcrid olunmuş şəkildə təsəvvür etmək mümkün deyil. Başqa xalqların ədəbiyyatları ilə biz yalnız mükəmməl bədii tərcümələr vasitəsilə tanış oluruq. Füzuli müəllim “Bədii tərcümə prinsipləri” adlı monoqrafiyasında yazır: “Dünya xalqları ədəbiyyatının ən yaxşı nümunələrinin dilimizə tərcümə edilməsi həmişə təqdirəlayiq bir kimi qiymətləndirilmiş və dövrümüzə qədər bədii tərcümənin imkanlarından geniş istifadə olunmuşdur”.

Ədəbiyyatşünas alim uşaqların hərtərəfli inkişafına nail olmaq üçün onların dünyagörüşlərinə, əqidəsinə təsir edən əsərlər yaratmağı vacib vəzifə hesab edir. Bu vəzifələrin yerinə yetirilməsində uşaqlar üçün yazılan kitabların rolunu əvəzsiz hesab edən F.Əsgərli uşaq ədəbiyyatı sahəsində çox böyük elmi axtarışlar aparmış, öz monoqrafiyaları ilə uşaq ədəbiyyatının tədqiqi sahəsində yaranmış boşluğu doldura bilmişdir.

Bu gün müəllifin uşaq ədəbiyyatına həsr etdiyi bir çox kitabları kitabxanamızın fondunda yer alıb və oxucularımızın istifadəsinə verilir. "Azərbaycan uşaq nəsri və onun ədəbi tənqiddə yeri" adlı araşdırması ilə tanış olarkən alimin topladığı faktlara, obyektiv təhlili imkanlarına, elmi məsuliyyətinə, çəkdiyi zəhmətinə qibtə etməmək olmur. "Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı" adlı monoqrafiyasında milli uşaq ədəbiyyatımızın keçdiyi yol çoxsaylı elmi mənbələrə istinadən tədqiq edilmişdir. Bu kitabı incələdikcə dəyərli tədqiqatçı alimimizlə fəxr edirsən.

Tədqiqatçı “Bədii tərcümə prinsipləri” monoqrafiyasında obrazların mənəvi-psixoloji aləminin təcəssümü, bədii tərcümədə üslub orijinallığı, milli xüsusiyyətlərin saxlanılması, atalar sözləri, məsəllər və idiomlardan istifadə problemlərinin düzgün həlli yollarını göstərmişdir. Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları” monoqrafiyasında yüksək ideyalılığı və estetik dolğunluğu ilə uşaq ədəbiyyatının əsas qaynaqlarından olan xalq yaradıcılığı yazılı ədəbiyyatın bir mənbəyi kimi tədqiq olunmuş, milli uşaq ədəbiyyatının yaradıcılıq ənənələrindən söz açılmış, klassik ədəbiyyatımızda folklor motivli uşaq oxusu nümunələri araşdırılmışdır. “Bədii təhlil və ədəbi tənqid” kitabında isə ədəbi proseslər haqqında daha geniş təsəvvür yaratmaq üçün janrlar üzrə təhlillərə geniş yer verilmiş, tənqidi fikirlərə öz münasibətini bildirilmişdir.

Qələmini bir an belə yerə qoymayan ədəbiyyatşünas-tərcüməçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasının dosentidir. Bu günonun ali məktəbin auditoriyalarında böyük gənclik həvəsi ilə oxuduğu mühazirələr və fəal-interaktiv təlim üsulu ilə apardığı seminar məşğələləri tələbələrin böyük marağına səbəb olur. Bütün mühazirələrində milli uşaq ədəbiyyatının motivlərini dünya uşaq ədəbiyyatı motivləri ilə sintez halında birləşdirən Füzuli müəllim ən istedadlı tələbələrini elmi axtarışlara cəlb edir. O, çalışdığı universitetdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, dərsliklərin hazırlanması, yeni təlim metodlarının tətbiqi sahəsində qazandığı nailiyyətlərə görə dəfələrlə “İlin müəllimi” müsabiqəsinin qalibi olub, “İlin nüfuzlu ziyalısı” adına layiq görülüb. Pedaqoji Universitetdə və xüsusilə də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən tədbirlərdə fəal iştirakı onun işgüzarlığına, bu sahəyə olan sonsuz marağına bir işarədir.

Kitabxana sahəsində topladığım illərin təcrübəsi göstərir ki, oxucuların sevgisini qazanmaq elə də asan deyil. Bunun üçün yüksək təcrübə, kamil bilik, gələcəyimiz olan uşaqlara sevgi olmalıdır. Bu təcrübə və sevgi Füzuli müəllimdə yüksək səviyyədədir. Respublika Uşaq Kitabxanasının kollektivi və oxucuları adından 70 yaşı münasibətilə dəyərli alimimizi ürəkdən təbrik edir, uzun ömür, cansağlığı diləyirəm.

 

Şəhla Qəmbərova,

Respublika Uşaq Kitabxanasının direktoru

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 15.