Zurnanı təkmilləşdirən sənətçi

 

Burada incə bir sirr var. Bunu məndən sonra da edənlər oldu, ancaq istənilən nəticəni vermədi”

 

Çağdaş zurna-balaban sənətinin layiqli davamçısı Rəhman Rasimoğlu sənətin sirlərini kiçik yaşlarından atası - milli nəfəs alətlərinin ustad ifaçısı, bilicisi, Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovdan öyrənib.

 

Sənətə ilk dəfə qoşanağara ifaçısı kimi gələn Rəhman sonralar zurna, balaban, tütək və neyin sirlərini də mənimsəyib.

Onun böyük auditoriya qarşısında ilk çıxışı 1984-cü ildə - 13 yaşındaykən Azərbaycan aşıqlarının IV qurultayında olub. Üç il sonra isə Moskvada keçirilən beynəlxalq xalq yaradıcılığı festivalında laureat adını qazanıb. Atasının başçılıq etdiyiŞirvanfolklor ansamblının üzvüdür. Özü də atasının yetirmələrindən ibarət “Rasimlər” qrupunu yaradıb. Rusiya, Özbəkistan, Türkiyə, Rumıniya, İsveçrə, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, eləcə də Azərbaycan mədəniyyəti günlərində ölkəmizi layiqincə təmsil edib.

Sənətçi sevimli alətinə yenilik gətirib, zurna ifaçılarını böyük bir qayğıdan azad edib. Zurnanın qarğı qamışdan olan səs oyadıcısını plastiklə əvəzləyib. Bu haqda sənətkar özü danışır:

- Mənim kəşfimə qədər zurna ən gec kökə gələn alət idi, indi ən tez köklənən alət olub. Qamışdan olan səs oyadıcını kökləmək çox vaxt aparırdı. Üstəlik, qarğı qamışı həftədə bir dəfə dəyişmək gərək olurdu. Plastik səs oyadıcısını yaratmağım çox problemlərə son qoydu. Bunu ildə bir dəfə dəyişmək yetər. Plastik səs oyadıcısı səs diapazonlarını qamışdan daha asan götürür. İstisoyuq hava ifaya çətinlik törətmir.

Yaratdığım səs oyadıcısı şirə içmək üçün istifadə edilən adicə plastik çubuqdandır. Bunu məndən sonra da düzəldənlər oldu, ancaq istənilən nəticəni vermədi. Burada incə bir sirr var. Mən öz kəşfimi elmi ictimaiyyət qarşısında sübut etdim. Qədim musiqi alətləri ansamblının yaradıcısı, mərhum Məcnun Kərimov Azərbaycan Milli Konservatoriyasının elmi şurasının iclasında bu məsələni gündəliyə saldı. Toplantıda elmi işlər üzrə prorektor Vaqif Əbdülqasımov, Xalq artisti Ramiz Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Abbasqulu Nəcəfzadə və başqaları iştirak edirdilər. Mən orada plastik səs oyadıcısının üstünlüklərini əyani olaraq göstərdim. Bəyəndilər və bu işi patentləşdirmək qərarına gəldim. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bu işdə mənə yardımçı oldular.

Onu da qeyd edək ki, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi sənətçinin bu ixtirasını 2011-ci ildə qeydiyyata alıb, bununla bağlı müəllifə sertifikat verib.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 12.