Gənclərin teatr festivalı başa çatdı

 

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənclərin 3-cü ümumrespublika teatr festivalına yekun vuruldu.

 

Millət vəkili Jalə Əliyevanın təşəbbüsü və rəhbərliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ASSİTEJ - Uşaq və Gənclər Teatrları Assosiasiyasının dəstəyi ilə “Biz inkişaf zamanındayıq” İctimai Birliyi tərəfindən keçirilib. 2014-cü il oktyabrın 1-dən start götürən festivalın final mərhələsi martın 30-dan aprelin 2-dək davam edib. Ümumilikdə 12 yaradıcı komandanın iştirak etdiyi festivalda 8 peşəkar və həvəskar teatr kollektivi, eləcə də Şamaxı, Ucar, İmişli və Naxçıvanı təmsil edən 4 truppa 3 gün ərzində 12 tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşalarla çıxış ediblər.

Layihənin rəhbəri millət vəkili Jalə Əliyeva bildirdi ki, artıq üçüncü ildir təşkil olunan festivalın məqsədi gənclərimizin teatra maraqlarını artırmaq və mənəviyyatlarını daha da zənginləşdirməkdir: “Eyni zamanda hər il qoyduğumuz mövzularla həmin sahə üzrə gənclərimizi maarifləndirmək istəyirik. Teatr böyük xəzinədir. Düşündük ki, son dövrdə gənclərimizin mütaliəyə marağı azaldığı, internetə daha həvəsli olduqları bir zamanda bu sənətə diqqət ayıraq. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilən ilk festivalın mövzusu vətənpərvərlik, ikinci festivalın mövzusu ekologiya idi. Bu il isə festival bəşəriyyət üçün böyük faciəyə çevrilən narkomaniya ilə mübarizəyə həsr olunub və NARKOSTOP sloqanı ilə keçirilir”.

Festival çərçivəsində iştirakçılar ART-kampda iştirak edərək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri almaq imkanı əldə ediblər.

Xalq artisti Ramiz Novruz, əməkdar artistlər Sənubər İsgəndərli, Hüsniyyə Mürvətova, Nicat Kazımov və Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovdan ibarət münsiflər heyətinin qərarı ilə Gülnarə Əhmədlinin “Həyatımı qaraldan ” tamaşası Qran-priyə, Qorqud Cəfərin “Ruhun qəfəsi” ikinci, Elçin Aslangilin “Gözləri yummaq” tamaşası isə üçüncü yerə layiq görülüb.

Qaliblərə pul mükafatı, fəxri fərman və festivalın simvolu təqdim edildi.

Festivalda fərqlənən digər gənc aktyorlar da müxtəlif nominasiyalar üzrə mükafatlandırıldılar.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 4.