Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə olunub

 

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Poznan şəhərində yerləşən İqnaçı Paderevski adına Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya ilə görüşüb. Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan-Polşa əlaqələrinin tarixindən və Azərbaycan musiqi mədəniyyətindən danışılıb.

Həsən Həsənov Azərbaycanın dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən musiqimizin çoxəsrlik ənənələrinin olduğunu diqqətə çatdırıb. Səfir Poznan Musiqi Akademiyasına Azərbaycan tarı hədiyyə edib. Halina Lorkovskaya hədiyyəyə görə təşəkkür edib və Azərbaycan tarının tədris ocağının foyesində yerləşən musiqi alətləri sərgisində yer alacağını bildirib.

Görüşdə bu ilin oktyabr ayında Poznan Musiqi Akademiyasında Azərbaycan musiqisi gününün keçirilməsi barədə razılıq əldə edilib.

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 5.