“Ağır illər... Xoş xatirələr”

 

Sənədli film təqdim olundu

 

Aprelin 3-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən “Ağır illər... Xoş xatirələr” sənədli filminin təqdimatı keçirildi. Stalin repressiyası zamanı azərbaycanlıların Qazaxıstana sürgün olunmasından bəhs edən ekran əsərinin ssenari müəllifi və rejissoru Xalq artisti Oktay Mir-Qasımdır.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva filmdə cərəyan edən hadisələrin Azərbaycan və Qazaxıstan tarixində çətin mərhələ, ağrılı illər olduğunu bildirdi: “Belə bir ekran əsərinin ərsəyə gəlməsi olduqca əhəmiyyətli hadisədir. Həmin illərdə köçürülmüş azərbaycanlılar çətin şəraitdə yaşamağa məcbur edilərək, ağır həyat tərzi keçiriblər. Amma buna baxmayaraq, soydaşlarımız Qazaxıstanda yerli əhali ilə mehriban şəraitdə yaşamış, birgə çalışmışlar”.

Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev iki qardaş xalqın Stalinin repressiyası illərində böyük məşəqqətlər çəkdiyini qeyd edərək belə bir tarixi hadisə ilə bağlı filmin çəkilməsini yüksək qiymətləndirdi. Bildirdi ki, həmin vaxt Qazaxıstan çöllərinə sürgün edilmiş insanların çoxu ağır təbii şəraitə tab gətirməyərək dünyalarını dəyişir, müxtəlif xəstəliklərə düçar olurdular. Bu tarixin ekran əsərlərində yaşadılması təqdirəlayiqdir.

 

 

 

 

Xalq artisti Oktay Mir-Qasım sənədli film üzərində aparılmış prosesindən söz açdı, Qazaxıstan səfirliyinin, Qazaxıstandakı Azərbaycan diasporunun göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi: “Film arxiv sənədlər, eləcə də şahidlərin ağrılı və xoş xatirələrindən istifadə olunmaqla ərsəyə gətirilib. Ev-eşiklərindən zorla didərgin salınmış soydaşlarımız o illərdə qazaxlarla və digər millətlərin nümayəndələri ilə birlikdə çətin sınaqlardan keçiblər, amma insani dəyərlərini itirməyib, qurub yaradıblar, uşaqlarını böyüdüblər, Stalinin azərbaycanlıları sürgün yolu ilə yox etmək arzusunu ürəyində qoyublar”.

Sonra film nümayiş olundu. 40 dəqiqəlik film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Studio-19” kino şirkəti ilə müştərək çəkilib.

Filmdə arxiv kinokadrlarından da istifadə olunub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 5.