Güllər, qadın və musiqi

 

Müasir İncəsənət Muzeyində sərgi

 

Aprelin 7-də Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı İnna Kostinanın “Anima” adlı fərdi sərgisi açılıb.

 

Mərasimdə muzeyin icraçı direktoru Xəyyam Abdinov çıxış edərək sərgidə rəssamın 55 əsərinin nümayiş olunduğunu diqqətə çatdırıb. Əsərlərdə əsasən güllər, qadın və musiqi mövzusu yer alır. Bütün bunlar psixologiyadan gələn “Anima” anlayışı ilə əlaqələndirilir. Bu anlayış təbiətə sirayət edən və müxtəlif səviyyələrdə bütün canlılara xas olan qadınlığı və ümumilikdə qadın varlığı anlamını ifadə edir.

Tədbirdə çıxış edən İ.Kostina bildirib ki, bu onun 24-cü fərdi sərgisi olsa da, yenə də həyəcanlıdır. Sərginin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirən rəssam burada nümayiş etdirilən əsərlərindən tamaşaçıların zövq alacağına ümidvar olduğunu bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

İ.Kostina 1962-ci ildə Bakıda dünyaya gəlib. Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini bitirib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinoteleviziyada quruluşçu rəssam ixtisası üzrə təhsil alıb. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq və kino kafedrasında dərs deyir.

Rəssam bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatıdır.

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 2.