Məşhur rəssamların hamısı miniatürdən yararlanıblar

 

Biz dünyanı yalnız öz yaradıcılıq yolumuzla heyrətləndirə bilərik

 

Rəssam Zöhrab Dadaşov 1963-cü ildə Şəki şəhərində doğulub. 1978-1982-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, 1982-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun qrafika fakültəsində təhsil alıb. 2005-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Hazırda rəngkarlıqla məşğuldur. Portret ustası kimi tanınmaqdadır.

 

- Zöhrab müəllim, bir rəssam kimi yaratdığınız əsərə hansı tələblərlə yanaşırsınız?

- İlk növbədə rəsm əsəri insanı, tamaşaçını özünə cəlb etməli, onu təsirində saxlamalıdır. Yəni sənət insanı təsirləndirməyi, inandırmağı, düşündürməyi bacarmalıdır. Hər bir sənətin öz tələbi var. Əsl rəssam öz sənətinin ali tələbləri səviyyəsinə yüksələn, eləcə də tamaşaçılarını həmin səviyyəyə yüksəldəndir. Sənət fərdilikdən ibarətdir. Fərdilik olmayan yerdə sənət yarana bilməz. Yəni rəssamın özünəməxsusluğu olmadan o, özünü təsdiq edə bilməz.

- Dünya rəssamlıq sənətində xalq olaraq yerimizi harada görürsünüz?

- Söhbət bugünkü Avropa rəssamlıq ənənələrindən gedirsə, bu baxımdan Azərbaycan rəssamlığının yaşı azdır. Bizdə peşəkar rəssamlıq böyük türkçü, həkim, rəssam Əli bəy Hüseynzadə və Bəhruz Kəngərli ilə başlayıb. Sonra da Molla Nəsrəddin jurnalının təsirilə yaranan Əzim Əzimzadə məktəbilə realist ənənə davam edib. Bizdə peşəkar rəssamlığın və heykəltəraşlığın gec inkişaf etməsində dinin güclü təsiri olub.

Dünya rəssamlıq sənətindəki yerimiz başdadır. Azərbaycan türklərinin birbaşa adıyla bağlı olan bənzərsiz miniatür sənətimiz var. Bu, ənənə tarixən bizdə çox güclü olub. Şah İsmayılın çağında, onun sarayında Sultan Məhəmmədin başçılığıyla miniatür məktəbimiz yaranmağa başlayıb. Dünyanın məşhur rəssamlarının hamısı miniatürdən yararlanıblar.

Mən ərkim çatan rəssamlara deyirəm ki, Avropa impressionizmindən əl çəkin, onu yamsılamayın. Biz dünyanı yalnız öz yaradıcılıq yolumuzla heyrətləndirə bilərik.

Bugünkü Azərbaycan rəssamlığı əsasən impressionizmin təsirindədir. Demək olar, hamı avropalıların tələblərinə uyğun əsərlər yaradır. Bununla da özünəməxsusluğumuz itir. Milli ənənəni, yolu qorumaq məsələsi gürcülərdə çox güclüdür. İstənilən gürcü rəssamın işinə baxan kimi onun gürcülüyünü hiss edirsən. Yaxşı olardı ki, Azərbaycan Rəssamlıq Akademiyasında miniatür fakültəsi açılsın.

- Azərbaycan sovet rəssamlığını özül kimi qəbul edə bilərikmi?

- Çağdaş Azərbaycan rəssamlığı əsasən, sovet dönəmində formalaşıb, ən güclü nümayəndələri onda yetişib. İndiki rəssamlığımız rus rəssamlıq sənətindən çox yararlanıb. Bunu danmaq olmaz. Bu baxımdan realist sovet rəssamlığını peşəkar rəssamlıq sənətimizdə yenigüclü mərhələ, özül kimi qəbul etməliyik.

- Əsrin müqaviləsi əsərinizdə haradasa sovet ənənəsi daha aydın duyulmaqdadır...

- Bu əsəri Əsrin müqaviləsinin 20 illiyi münasibətilə ötən il bitirmişəm. İrihəcmli əsərdir, düz bir il üzərində işləmişəm. Ölçüsü 3,3 m x 2 m-dir. Tarixi janrda olan əsərdə 63 fiqur var. Obrazların çoxu tarixi şəxsiyyətlərdir. Əsərdəki hadisələr Milli Azərbaycan Tarixi Muzeyində təsvir olunub. Bunun üçün vaxtilə tədbirin keçirildiyi həmin yerdə dəfələrlə olmuş, eskizlər etmişəm.

- Sizi əsasən, portret ustası kimi tanıyırıq. Bu isə rəssamlığın ən çətin janrıdır.

- Demək olar, hər gün portret çəkirəm. Düzü, dolanışıq üçün çəkdiklərimi yaradıcılıq saymıram. Yaradıcılıq başqadır. Bir çox tarixi şəxsiyyətlərin portretlərini işləyirəm. Məsələn, Əmir Teymuru çəkmişəm. O obraz özümünküdür. Başa çatmaq üzrədir. Sonra Atillanı çəkəcəyəm.

- Son zamanlar peşəkar portretçi kimi ustad dərslərinizlə bir daha diqqət mərkəzinə gəldiniz.

- Xətai Sənət Mərkəzində naturadan portretin işlənməsini canlı olaraq insanlara göstərmək üçün bunu təşkil etdik. Tamaşaçılara portretin canlı olaraq işlənməsi çox maraqlıdır. Hər dəfə çoxlu insan bunu izləmək üçün adıçəkilən mərkəzə gəlir.

- Portretdə başlıca məsələ əsərin çəkilən adama oxşarlığıdır. Sizin üçün insan sifətində ən çətin hissə haradır?

- Mən portretdə burunla çənə arasındakı hissəni ən çətin bölgə sayıram. Çünki bu hissə hər kəsdə fərqlidir. Burada oxşarlıq dəqiq olarsa, portret uğurlu alınır.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 11.