Ötən il Şəkiyə 50 mindən çox turist gəlib

 

Ölkəmizin önəmli turizm mərkəzlərindən biri olan Şəkiyə əcnəbi qonaqlar hər zaman böyük maraq göstərirlər. Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki Xan Sarayı, Yuxarı Karvansaray kompleksi, Kiş kəndindəki qədim alban məbədi digər yerlər turistlər üçün cəlbedici məkanlardır. Rayona gələn turistlərin sayı ildən-ilə artır.

Şəki Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Mirvari Zeynalovanın sözlərinə görə, ötən il bu rəqəm 50 mindən yuxarı olub. Bunun 20 faizini xarici ölkələrdən gələn turistlər təşkil edir. Rayonda 14 mehmanxana mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Şöbə müdiri deyir ki, Şəki rayonu da iyunda ölkəmizdə keçiriləcək Avropa Oyunlarına ciddi hazırlaşır. Onun sözlərinə görə, bu dövrdə yerli sənətkarlar, mehmanxana hotel əməkdaşları, əlaqədar xidmət təşkilatlarının işçiləri öz fəaliyyətləri ilə fərqlənəcəklər: İstəyirik ki, Şəkiyə daha çox turist gəlsin bununla da Azərbaycanda turizm sahəsinin inkişafına öz töhfəmizi vermiş olaq.

 

F.Abdullayeva

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 7.