Sənətin 75-ci zirvəsində

 

Xalq artisti Canəli Əkbərovun yubileyi qeyd olundu

 

Aprelin 8-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında görkəmli xanəndə, Xalq artisti Canəli Əkbərovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

 

Mərasimdə Milli Məclis üzvləri dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyəti nümayəndələri iştirak edirdi. Tədbirdən əvvəl qonaqlar filarmoniyanın foyesində xanəndənin sənət yolunu əks etdirən fotosərgi ilə tanış oldular.

Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Xalq artisti Canəli Əkbərovun Azərbaycan musiqisinin, muğamının inkişafında, təbliğində böyük xidmətlərindən, ifası ilə musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışdı: Azərbaycan musiqi mədəniyyətinin, muğamının, opera sənətinin müxtəlif ölkələrdə tanıdılmasında böyük səy göstərmiş Canəli Əkbərovun 75 yaşı tamam olur. Muğamın sirlərini atasından öyrənən xanəndə mükəmməl musiqi təhsili görüb, Seyid ŞuşinskiXan Şuşinski kimi ustad sənətkarlardan dərs alıb. Sənətə gəldiyi ilk illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solistidir. Klassik bəstəkarlarımızın operalarında əsas partiyaların ifaçısı olan sənətkar teatr səhnəsində yaddaqalan obrazlar yaradıb. Bu teatrda çıxışları ilə təkcə müğənnilik, xanəndəlik deyil, həm də böyük aktyorluq qabiliyyətini ortaya qoyub. Canəli Əkbərov aktyorluq və xanəndəliyinin vəhdətindən yaranan sənətkarlığı ilə çoxsaylı insanların sevgisini qazanmışdır.

Nazir müavini Canəli Əkbərovun pedaqoji fəaliyyətini də yüksək qiymətləndirdi. Qeyd etdi ki, muğam bilicisi gənc nəslə bu tükənməz sənətin sirlərini öyrədərək, təcrübə və bacarığını əsirgəmir.

Ədalət Vəliyev Xalq artistini uzun illərdir yaxından tanıdığını, dəfələrlə Azərbaycanın xarici ölkələrdə mədəniyyət günlərində, müxtəlif mədəni tədbirlərdə birgə iştirak etdiklərini vurğuladı, xatirələrini bölüşdü, onu yaxşı yol yoldaşı, mehriban dost kimi xarakterizə etdi. Xanəndənin sənət fəaliyyətinə görə fəxri adlara, Şöhrət və Şərəf ordenlərinə layiq görüldüyünü vurğulayan Ədalət Vəliyev nazirlik adından yubilyara təbriklərini çatdırdı.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva Azərbaycan muğam sənətində özünəməxsus iz qoyan Canəli Əkbərovu gözəl xanəndə və bacarıqlı pedaqoq kimi xarakterizə etdi, onun universitetin muğam sənəti kafedrasına rəhbərlik etdiyini diqqətə çatdırdı.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub və digər çıxış edənlər Canəli Əkbərovu yubileyi münasibətilə təbrik edərək xoş arzularını bildirdilər.

Səhnəyə çıxan Canəli Əkbərov gecənin təşkilində zəhməti olan hər kəsə minnətdarlığını bildirdi, bundan sonra da həm pedaqoji fəaliyyəti, həm də ifaçılıq sənəti ilə Azərbaycan mədəniyyətinə xidmət edəcəyini dedi.

Sonra xanəndənin ifası ilə müşayiət olunan foto-slayd nümayiş olundu. Tədbir konsert proqramı ilə davam etdi.

Xalq artistləri Nəzakət Teymurova Segah təsnifi, Zabit Nəbizadə və Səkinə İsmayılova Şur təsnifi, Gülyaz Məmmədova Bayatı-Şiraz, Gülyanaq Məmmədova isə Aman təklik əlindən kimi muğam və mahnıları ifa etdilər. Konsertdə həmçinin əməkdar artistlər Zakir Əliyev Narı-narı xalq mahnısını, Babək Niftəliyev Yaşılbaş sona, xanəndələr Ehtiram Hüseynov Sevirəm səni və Sahib İbrahimov Kəmər belində mahnıları səsləndirdilər. İfaçıları Xalq Çalğı Alətləri Ansamblı, həmçinin tarda Əməkdar artist Əliağa Sədiyev və Rövşən Qurbanov, kamançada Elnur Mikayılov və Ceyhun Muradov müşayiət edirdilər.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 5.