15 aprel Beynəlxalq Mədəniyyət Günüdür

 

Dünya mədəniyyətinə hörmət hər bir xalqın öz mədəniyyətinə münasibətindən başlayır”

 

15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci ilin bu günündə “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması (Rerix paktı) imzalanıb. 1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Həmin tarixdən bu gün Avropa və Amerikanın bir sıra ölkələrində, Rusiyadas. qeyd olunur. Azərbaycan mədəniyyətinin dünyada yeri və 15 aprel - Beynəlxalq Mədəniyyət Gününün qeyd olunması təşəbbüslərinə münasibət öyrəndik.

 

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın mədəniyyət anlayışına yanaşması belə oldu: “Hər hansı bir xalq əgər sahib olduğu mədəni dəyərlərə və mədəni irsə sahib çıxmırsa, onu inkişaf etdirmirsə, onda o xalqonun qurduğu dövlət tənəzzülə məhkumdur. Buna görə də müasir dövrdə qədim mədəniyyətə və irsə sahib olan xalqlar deyil, bu irsi yaşadaninkişaf etdirən xalqlar mədəniyyəti təmsil edirlər. Azərbaycan çox qədim mədəniyyətə malikdir. Bu irsin yaşadılması və təbliği bizi bir xalq kimi birləşdirən ən böyük amillərdən biridir. Azərbaycan öz mədəniyyəti ilə dünyada nümunə göstərilən ölkələr sırasındadır. Belə demək olarsa, biz mədəniyyətimizlə yaşayırıq. Dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edirik, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə bütün dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında ölkəmizin çox sayda maddiqeyri-maddi mədəni irs nümunəsinin yer alması bu deyilənləri bir daha sübut edir. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Əslində, bir xalqın öz mədəniyyətinə sahib çıxması elə dünya mədəniyyətinə verdiyi ən böyük dəyərdir. Dünya mədəniyyətinə hörmət və ehtiram da hər bir xalqın məhz öz mədəniyyətindən, ona olan münasibətindən başlayır”.

Həmsöhbətim təəssüflə qeyd etdi ki, mədəniyyətə dost xalqlar olduğu kimi, ona zərər yetirən, hətta onu məhv etməyə çalışan qüvvələr də mövcuddur. Etnik düşmənçilik zəminində bu irsin məhv edilməsi bütün bəşəriyyətə vurulan ən ağır zərbədir: Bu gün Azərbaycan torpaqlarının, Dağlıq Qarabağ və ətraf rayonlarımızın erməni işğalçıları tərəfindən zəbt edilməsi nəticəsində minillik tariximizə vurulan zərbə tək bizə qarşı deyil, ümumilikdə dünya mədəniyyətinə qarşı yönəlib. Eyni zamanda UNESCO-nun siyahısında yer alan abidələrin bu gün hansısa terror qruplaşmaları tərəfindən dağıdılması xəbərləri tək abidənin yerləşdiyi ölkənin deyil, həm də bizim acımızdır. Çünki bəşəri mədəniyyət ayrılıqda hansısa xalqların deyil, bütün dünya xalqlarının birgə sahib olduğu zənginlikdir. İnsanlar gözəlliyi duyduqları tərzdə mədəniyyəti də dərk edirlər. Bu gün bütün dünyada vahid şəkildə qəbul olunmuş mədəniyyət günü olmasa da, 15 aprel tarixinin belə bir gün kimi qeyd olunması təşəbbüsləri, məncə, xeyirxah addımdır. Ancaq düşünürəm, mədəniyyət bayramı hər bir xalq üçün individualdır. Azərbaycan xalqı üçün, inanıram ki, Qarabağın və xalqımızın sahib olduğu qədim mədəni abidələrin, irs nümunələrinin erməni işğalından azad edildiyi gün - əsl mədəniyyət bayramı olacaqdır”.

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev isə deyir ki, biz beynəlxalq mədəniyyət məfhumunun bir hissəsiyik və bu nöqteyi-nəzərdən dünyada baş verən mədəni hadisələr bizim üçün də maraqlıdır: “Çünki biz mədəni proseslərin içində olmalıyıq və dünyanın bir çox ölkələrində baş verən proseslərlə yaxından tanışıq, ona inteqrasiya edirik. Azərbaycanda müxtəlif beynəlxalq festivallar keçirilir, eyni zamanda ölkəmiz müxtəlif beynəlxalq mədəniyyət tədbirlərində təmsil olunur - bunun özü dünyanın mədəniyyət proseslərində iştirak deməkdir. Əslində, Beynəlxalq Mədəniyyət Günü xoşməramlı təşəbbüsdür. Bu vəsilə ilə bir daha beynəlxalq mədəniyyət okeanının, baş verən mədəni proseslərin hansı yerində olduğumuzu düşünmək imkanımız olur. Son illər Azərbaycan dünyada baş verən mədəni proseslərin içərisindədir, maraqlı layihələrdə iştirak edirik. Dünyanın ən böyük musiqi kollektivləri Azərbaycana gəlir. Bu baxımdan biz dünyada baş verən mədəni proseslərdən kənarda qala bilmərik, daim öyrənməli, fikir mübadiləsi aparmalı, dünya ilə mədəni dialoqda olmalıyıq”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov hesab edir ki, Azərbaycan mədəniyyəti təbiət etibarilə dünya mədəniyyətinə açıq olub. Bu, bir tərəfdən Şərq mədəniyyəti ilə çox bağlıdır, digər tərəfdən isə Qərb mədəni dəyərlərini özündə ehtiva edir: “Ona görə də Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər güclü tarixi təcrübəsi var. Amma respublikamız müstəqillik qazandıqdan sonra bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də bizim dövlətin siyasətində xüsusi bir yer tutur. Bu, mədəniyyətlə bağlı qanunlarda da öz əksini tapır. Biz dövlət olaraq milli mədəniyyətimizin dünya mədəniyyəti ilə sıx əlaqəsinin olduğunu etiraf edirik. Bu, sadəcə, deklarativ bir müddəa deyil, biz bunu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində, həyata keçirdiyimiz, ev sahibliyi etdiyimiz beynəlxalq layihələr, tədbirlərlə sübut edirik. Ölkəmiz eyni zamanda həm Qərb, həm də Şərq dünyasının mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Bu sahədə demək olar ki, hər il hər hansı beynəlxalq konvensiyaya, sənədə, təşəbbüsə qoşulur, onun icrasına dəstək veririk. Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, biz daxil olduğumuz beynəlxalq mədəniyyət qurumlarında təkcə öz mədəniyyətimizi təbliğ etməklə, yaxud dünya mədəniyyətinin Azərbaycanda təbliği ilə məşğul olmuruq. Eyni zamanda biz dünya mədəniyyətinin yaranmasında və inkişafında yaxından iştirak edirik”.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 10.