Turistlər «Diri baba» türbəsinə maraq göstərirlər

Orta əsr Şirvan-Abşeron memarlığına aid olan, tarixçilərin, arxeoloqların, habelə turistlərin böyük maraq göstərdikləri «Diri baba» türbəsi Qobustan rayonunun inzibati mərkəzi - Mərəzə qəsəbəsinin yaxınlığında yerləşir. Sufiliyin Xəlvətiyyə təriqətinin tanınan nümayəndələrindən birinə məxsus olduğu güman edilən bu əzəmətli abidə tarixin sınaqlarından çıxaraq bu günədək gəlib çatıb.

Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Abidənin cənuba baxan bir fasadı var. O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatmatağ tavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Qayanın daxilindəki balaca bir mağara ilə birləşən salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. «Diri baba» türbəsinin orijinal memarlıq forması, möhtəşəmliyi onu görənlərdə böyük təəssürat yaradır.

Qobustan Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, təkcə 2014-cü ildə buraya 8 min turist gəlib. Onlardan 3 mini xarici turistlərdir. Ötən il gələn turistlərin sayı 2013-cü illə müqayisədə min nəfər çox olub.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 15 aprel.-  S. 9.