Klassik musiqi ifaçılarının müsabiqəsi başa çatdı

Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində islam dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının IV beynəlxalq müsabiqəsinə yekun vuruldu, qaliblər mükafatlandırıldı.

 

Kainat Gənclik Mərkəzinin layihəsi olan müsabiqə İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilir. Builki müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi çərçivəsində təşkil olunub. Yarışmada Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Başqırdıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və İndoneziyadan 52 gənc ifaçı iştirak edib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından, artıq ənənəyə çevrilən festival-müsabiqənin əhəmiyyətindən danışdı: Son illər ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycan beynəlxalq festivallara, müsabiqələrə, forumlara ev sahibliyi edir. İslam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq festivalı da müsəlman ölkələrində mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.

Təşkilat komitəsinin sədri, Kainat Gənclər Mərkəzinin rəhbəri Rahib Rəsulzadə layihənin coğrafiyasının ildən-ilə genişləndiyini bildirdi. Qeyd olundu ki, beynəlxalq müsabiqə iki yaş qrupunda (15 yaşadək və 15-20 yaş) keçirilir. İştirakçılar üçün şərtlərdən biri də Azərbaycan bəstəkarlarının əsərini ifa etməkdir.

Sonra qaliblər elan olundu. Qaliblər hər iştirakçı ölkədən bir nəfərin təmsil olunduğu münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

15 yaşadək qrupda fortepiano nominasiyası üzrə 1-ci yerə Nataliya Lem (Özbəkistan), 2-ci yerə Fidan Tağıyeva (Azərbaycan), 3-cü yerə Timur Mirəhmədov (Özbəkistan) layiq görüldülər. Orkestr nominasiyası üzrə Amonbek Rixsinboyev (Özbəkistan), Şamil Səlimov (Azərbaycan) və Asadbek Xalimcanov (Özbəkistan) müvafiq olaraq 1-3-cü yerlərə sahib oldular.

Böyük yaş qrupunda fortepiano nominasiyasında Günel Rizvanova 1-ci, Cavid Əzizov 2-ci, Arzu Əsgərli 3-cü (hər üçü Azərbaycan) oldu. Orkestr nominasiyası üzrə Süleyman Eyyubov (Azərbaycan) 1-ci, Samat Meditov (Başqırdıstan) 2-ci, Alpamıs Bissenqalıyev (Qazaxıstan) 3-cü yeri tutdu. Virtuoz ifasına görə Mehman Səlimov (Azərbaycan) Bakı Musiqi Akademiyasının təsis etdiyi xüsusi diplom və hədiyyə ilə təltif olundu.

Festivalın qaydalarına uyğun olaraq ən kiçikyaşlı ifaçı nominasiyası üzrə diplom və mükafat Özbəkistandan Mahigül Nizomovaya (10 yaş) təqdim edildi. Festivalın baş mükafatını (Qran pri) isə Ankara Konservatoriyasının tələbəsi Melisa Buyukörü (Türkiyə) qazandı.

Müsabiqənin iştirakçılarına həmçinin Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin də mükafatları təqdim olundu. Tədbir islam dünyası ölkələrinin gənc klassik musiqi ifaçılarının IV beynəlxalq festival-müsabiqəsi qaliblərinin böyük konserti ilə başa çatdı.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 5.