Azərbaycanla UNESCO arasında əlaqələrin inkişafı müzakirə edilib

Azərbaycanın, Qazaxıstanın, Türkiyənin və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə qurumun mənzil-iqamətgahında “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsi, nəşri və dünya elmində tanıdılmasının 200 illiyi ilə əlaqədar tədbir təşkil olunub.

 

Tədbirdə iştirak etmək üçün Parisdə səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev aprelin 15-də UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Görüşdə Elçin Əfəndiyev Prezident İlham Əliyevin salamlarını və xoş arzularını baş direktora çatdırıb, Azərbaycan ilə UNESCO arasında əlaqələrin son illərdə inkişafını məmnunluqla qeyd edib. İşgüzar əlaqələrin yaranmasında İrina Bokovanın və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi xidmətlərini diqqətə çatdırıb.

Baş nazirin müavini “Kitabi-Dədə Qorqud” eposunun Avropada ilk nəşrinin və tərcüməsinin 200 illiyinin UNESCO-da keçirilməsinin mühüm hadisə olduğunu qeyd edib və bu tədbirin təşkilinə verdiyi dəstəyə görə UNESCO-nun baş direktoruna minnətdarlığını bildirib.

Azərbaycanın zəngin maddi-mədəniyyət abidələri ilə bağlı vaxtaşırı UNESCO-da möhtəşəm tədbirlərin keçirildiyini vurğulayan Elçin Əfəndiyev bunu ölkəmizlə qurum arasında mövcud əlaqələrin yüksək səviyyədə inkişafının bariz nümunəsi kimi dəyərləndirib.

Baş direktor İrina Bokova da öz növbəsində səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya çatdırmağı xahiş edib. O, Azərbaycan ilə rəhbərlik etdiyi qurum arasındakı mövcud yüksək səviyyəli əlaqələrin digər ölkələr üçün əsl nümunə ola biləcəyini vurğulayıb.

Baş nazirin müavini bu yaxınlarda Bakı Dövlət Universitetində insan hüquqları üzrə UNESCO kafedrasının yaradılması barədə məlumat verərək qeyd edib ki, bu təhsil ocağında belə bir kafedranın açılması ölkəmizlə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir. O, dünyanın çox az ölkəsində qurumun kafedralarının fəaliyyət göstərdiyini və belə bir kafedranın Azərbaycanda yaradılmasının əlaqələrimizin daha da möhkəmlənməsinə müsbət təsirini qeyd edib.

Baş direktor kafedranın açılmasını razılıq hissi ilə qarşılayaraq bu addımı yüksək qiymətləndirib. İrina Bokova Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı ölkəmizə səfər edəcəyini xatırladıb.

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva görüşdə iştirak ediblər.

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 2.