Hüseyn Əliyevin boyakarlığında Göygöl mövzusu

Xalq rəssamı Hüseyn Əliyev (1911-1991) tanınmış qrafika ustası olmaqla yanaşı, eyni zamanda Azərbaycan boyakarlığının görkəmli nümayəndəsidir. O, ölkəmizin rəngkarlıq məktəbinin ilk ustadlarından biri, Leninqrad Rəssamlıq Akademiyasında təhsil almış ilk azərbaycanlıdır. Yaradıcılığında qrafika və rəngkarlığın müxtəlif janrlarına müraciət edən sənətkar 50 il “Kommunist” (indiki “Xalq qəzeti) qəzetində baş rəssam kimi fəaliyyət göstərmişdir. Portret, plakat və karikatura janrlarında bir-birindən maraqlı əsərlərin müəllifidir.

 

Hüseyn Əliyevin rəssam kimi formalaşmasında Azərbaycan mətbuatının inkişafında çox möhtəşəm mərhələ olan, işıqlandırdığı mövzuları bu gün də aktual səslənən “Molla Nəsrəddin” jurnalının da böyük rolu olmuşdur. Tələbəlik illərində rəssamın bir sıra karikaturaları və rəsmləri bu jurnalda çap olunardı. Bununla yanaşı, o, həm də Avropada mövcud olan cərəyanlar və qabaqcıl sənətkarların yaradıcılığı ilə tanış olurdu. Rəssamın Naxçıvan, Zəngəzur mənzərələri ilə yanaşı, Göygölə həsr edilmiş silsilə əsərləri də var.

O, Göygölün vurğunu idi. Bu vurğunluq əsərləri vasitəsilə tamaşaçıya da sirayət edərək nostalji hisslər, lirik əhval-ruhiyyə yaradır. Zəngin təəssüratlardan doğan “Göygöldə gecə”, “Göygöl sanatoriyasının bir guşəsi”, “Maralgöl”, “Kəpəz dağı” və bir sıra başqa əsərləri kifayət qədər cəlbedici və duyğulandırıcıdır. İki il ərzində rəssam Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana köçürmüşdür.

Onun qurduğu kompozisiyalar, rəng keçidləri, koloritlik öz bənzərsizliyi ilə fərqlənirdi. Rəssamın mənzərə təsvirlərinə tez-tez müraciət etməsi, ilk növbədə, onun təbiət motivlərinin mahiyyətində ayrı-ayrı detalların timsalında ruhunda gəzdirdiyi yaşantılarla səsləşən məqamlarla bağlı idi. Müxtəlif ölçülü kətan üzərində yağlı boya texnikası ilə işlənən və özündə müəllifin mənzərə janrının bədii xüsusiyyətlərinə bələdçiliyini yaşadan rəngarəng görüntülər düşündürücü və səmimidir.

“Göygöl restoranı” əsərində ön planda işığın sınması nəticəsində yaranan göy qurşağının müxtəlif rəng çalarları vasitəsilə rəssam optik illüziyanın məharətli həllini tapmışdır. Arxa planda və kompozisiyanın mərkəzində olan restoranın təsviri üçün müəllif meşə, dağlar və onların arasındakı düzəngahı planlarla işləyərək maraqlı nəzər nöqtəsi seçmişdir.

Rəssamın yağlı boya ilə həyat verdiyi əsrarəngiz təbiət təsvirlərindən biri də “Göygöl sanatoriyasının bir guşəsi” əsəridir. Günəş şüalarının meşənin dərinliyinə kölgə salan sıx və hündür ağacların arasından süzülməsini və atmosferlə təması nəticəsində əmələ gətirdiyi rəng ahəngi bu tabloda ustalıqla əks etdirilmişdir.

Müəllifin “Göygöl” adlı iki əsərində, “Maralgöl” və “Kəpəz dağı” mənzərələrində zümrüdü rəngin müxtəlif çalarlarından istifadə etməklə həm məsafə dərinliyi, həm də təsvir təsirliliyi əldə edə bilməsi ifadə özünəməxsusluğunun göstəricisidir.

“Maralgöl” mənzərəsi üçün Hüseyn Əliyev dinamik kompozisiya seçmişdir. Rəvan xətlərlə işlədiyi “Göygöl” mənzərələrindəki statikanı rəssam bu tablosunda bilərəkdən pozmuşdur. Yamacın kənarı ilə kəskin aşağı enib yenidən qalxan nisbətən açıq rəngli səlis xətlər qarşı tərəfdə yenidən qalınlaşıb nazilərək dinamikanı artırır, tamaşaçının baxışlarını bir anın içində çox uzaqlara - meşənin dərinliklərinə aparır. Təbiətin toxunulmazlığı və bakirliyi incə ruhlu rəssamın əli ilə mühafizəkarcasına canlandırılmışdır. Yaşıl yamaclı dağları əks etdirərək zümrüdü rəngə çalan Göygölün yaratdığı lirik ovqat, təzadlı rənglərin harmoniyasından əmələ gələn işıq effektləri, digər təbiət motivlərinə güzgü tutan lövhələrdə müəllifin bizi əhatə edən gerçəkliyə özünəməxsus münasibəti görünür.

“Göygöl sanatoriyası” silsilə əsərlər arasında maraqlı həlli ilə seçilir. Mənzərə diaqonal kompozisiya üzərində qurulmuşdur. Rəssam bu diaqonallığı əsərin sağ tərəfinə doğru tədricən yüksələn ağaclar və sanatoriyanın üçmərtəbəli binası, həmçinin soldan sağa tərəf uzanan çiçəkli cığır vasitəsilə təmin etmişdir. Arxa plandakı binanın qırmızı kirəmitdən olan damını ön plandakı kolun nisbətən tünd qırmızıya çalan bir hissəsi ilə əlaqələndirərək zövqlü bir uyğunluq ərsəyə gətirmişdir. Belə təsvir üsuluna 1873-cü ildə fransız impressionist rəssamı Klod Monenin “Lalələr düzü” əsərində rast gəlinir. K.Mone öz mənzərəsində tünd yaşıllıqda yerləşən evin açıq rəngli divarı ilə səma və yer arasındakı keçidi yumşaldaraq xüsusi tarazlıq əldə etmiş, evin qırmızı damını isə taladakı lalələrlə uyğunlaşdırmışdır.

Hüseyn Əliyev Göygölün ətrafını günün müxtəlif vaxtlarında fırçaya almışdır. Bu baxımdan “Göygöldə gecə” əsərində iki işıq mənbəyindən istifadə edərək səmanı ayın, yeri isə tonqalın məharətli təsviri ilə işıqlandırmışdır. Sənətkar alovun şöləsini ətrafdakı daş və stullara sanki gerçəkmiş kimi yansıda bilmişdir. Həmin tonqal ilə uzaqdan görünən ağacları da işıqlandıraraq meşənin qaranlığını nisbətən aradan qaldırmağa nail olmuşdur. Əsərdə ayın sarı-qırmızı rəngi ilə səmanın mavi-göy rəngi bənövşəyi çalarla assosiasiya olunmuşdur.

Hüseyn Əliyevin “Göygöldə gecə” əsərini rus mənzərə rəssamı Arxip İvanoviç Kuincinin (1842-1910) “Dneprdə gecə” əsəri ilə müqayisə etsək yerinə düşər. Həmin əsərdə A.İ.Kuinci Dnepr çayı sahilində aylı gecəni təsvir etmişdir. Ayın rəngini Kuinci görkəmli rus kimyaçısı Dmitri Mendeleyevlə birlikdə işləyib hazırlamışdır. Onlar istədikləri nəticəni almaq üçün boyalara fosfor qatmışdılar. Bu üsulla Kuinci Dnepr çayını sakit gecədə ay işığının zərif gümüşü rənginə bürümüşdü. Əsərin nümayiş olunduğu qaranlıq zal Kuincinin ayının işığı ilə aydınlanarmış. Amma zaman keçdikcə, fosfor öz təsirini itirmiş, tabloda yalnız rənglər qalmışdır. Kuincinin ayı buludsuz, aydın havada təsvir olunmuşdur, Hüseyn Əliyevin qırmızı-sarı ayı isə dumanlı havada və hələ də bədirlənməkdədir.

Rəssamın təbiət təsvirləri yalnız lirik-realist mənzərələrlə məhdudlaşmır. O, həm də təsviri sənətdə, sanki yeni həyat verdiyi texnikada - şüşə üzərinə çəkilərək kağıza həkk edilən akvarel monotipiyalarında maraqlı abstrakt mənzərələr yaratmışdır. Belə mücərrəd tərzdə həll edilmiş mənzərə motivləri ilə Azərbaycan təbiəti kainatın sirli fantastik nişanələrinə çevrilir.

Hüseyn Əliyev ömrünün sonunadək Azərbaycan təsviri sənətinin tərəqqisinə xidmət etmişdir. O, 1976-cı ildə “Əməkdar rəssam”, 1982-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür. Sənətkarın bütün mənzərələri öz cazibədar lirikası ilə hər bir tamaşaçını sanki tablonun iştirakçısına və təbiətin canlı personajına çevirir.

 

Səyyarə Sadıxova,

sənətşünas

Mədəniyyət.- 22 aprel.- S. 12.